Türkiyə Sudanda davam edən münaqişədən zərər çəkənlərə yardım fəaliyyətlərini davam etdirmək məqsədilə 2 min 600 ton humanitar yardım daşıyan altıncı “Xeyirxahlıq Gəmisi”ni yola salıb.
“Mersin” Limanından hərəkətə başlayan gəmi Fövqəladə Halların İdarə olunması üzrə Dövlət Agentliyinin (AFAD) koordinasiyası ilə yerli qurumlar, vətəndaş cəmiyyəti təşkilatları və Qətər İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
AFAD-ın sədri Ali Hamza Pehlivan Türkiyənin Sudandakı humanitar böhrana biganə qalmadığını vurğulayaraq bildirib ki, əvvəlki göndərişlər çərçivəsində 2024-cü ildə 5 min 500 ton yardım çatdırılıb, ötən ay isə üç gəmi ilə 30 min çadır göndərilib.
Budəfəki humanitar yardım göndərişinə ərzaq məhsulları, şəxsi gigiyena vasitələri, tibbi ləvazimatlar və sığınacaq avadanlıqları daxildir.
A.H.Pehlivan açıqlamasında deyib: “Sudanda didərgin düşən insanların sığınacaq ehtiyacının dekabr ayında kritik səviyyəyə çatdığını nəzərə alaraq 7 dekabr tarixindən etibarən yardım gəmilərini göndərməyə başladıq. Ardıcıl üç gəmi yola salmaqla oradakı qardaşlarımızın sığınacaq ehtiyaclarını dəstəkləməyə çalışdıq.”
Türkiyənin Qəzzaya yönəlik humanitar yardımının da davam etdiyini bildirən A.H.Pehlivan iyirminci yardım gəmisinin gələn həftə hərəkətə başlamasının planlaşdırıldığını, indiyədək təxminən 105 min ton yardımın çatdırıldığını da qeyd edib.
Xatırladaq ki, Sudanda 2023-cü ilin aprel ayından bu yana ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurma yaşanır. Bu toqquşmalar minlərlə insanın həlak olmasına və milyonlarla şəxsin didərgin düşməsinə səbəb olub.
Sudanın 18 əyalətindən Darfur bölgəsində yerləşən beş əyalətin hamısı hazırda RSF silahlı qruplaşmasınınm nəzarətindədir. Təkcə Şimali Darfurun şimalındakı bir neçə ərazi ordunun nəzarəti altında qalır.
Ancaq bununla yanaşı, Sudan ordusu paytaxt Xartum da daxil olmaqla cənub, şimal, şərq və mərkəzi bölgələrdə yerləşən qalan 13 əyalətin əksəriyyətində üstünlüyünü hələ də qoruyur.















