İQTİSADİYYAT
3 dəqiqə oxuma
ABŞ Türkiyədən olan investorları cəlb etməyə çalışır
Türkiyədə təşkil olunan tədbirdə yerli şirkətlər və ABŞ-nin müxtəlif ştatlarından olan nümayəndələr bir araya gəliblər
ABŞ Türkiyədən olan investorları cəlb etməyə çalışır
ABŞ Türkiyədən olan investorları özünə cəlb etməyə çalışır / AA
16 saat əvvəl

ABŞ ştatlarının nümayəndələri ucuz və fasiləsiz enerji təchizatına çıxışın əhəmiyyətini vurğulayaraq Türkiyədən olan investorları cəlb etməyə çalışır, enerji, kimya, metal, elektronika, aviasiya və sənaye istehsalı da daxil olmaqla müxtəlif sektorlar üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər.

Bu təşəbbüslər xarici birbaşa investisiyaları və iqtisadi inkişafı təşviq etmək məqsədilə hazırlanmış ABŞ federal hökumət proqramı olan “SelectUSA-2026” tanıtım turu çərçivəsində həyata keçirilib. İstanbul, Kocaeli və paytaxt Ankarada təşkil olunan tədbirlərdə Türkiyə şirkətləri ilə ABŞ-nin müxtəlif ştatlarından olan nümayəndələr bir araya gəliblər.

“Shale Crescent USA” təşkilatının prezidenti Natan Lord bildirib ki, qurum regionun enerji üstünlüklərini vurğulayaraq sənaye investisiyalarını Ohayo, Pensilvaniya və Qərbi Virciniyanı əhatə edən şist qazı hövzəsinə cəlb etməyə fokuslanıb.

“Anadolu” agentliyinə danışan N.Lord qeyd edib ki, enerji ağır sənaye üçün ən böyük xərc komponentlərindən biridir və sözügedən region kauçuk, şüşə, avtomobil, polad və neft-kimya kimi sahələr üçün etibarlı və münasib qiymətli enerji təmin edir.

N.Lord deyib: “Əgər Ohayo, Qərbi Virciniya və Pensilvaniya ştatları birlikdə bir ölkə olsaydı, ABŞ-nin qalan hissəsi və Rusiyadan sonra dünyanın üçüncü ən böyük təbii qaz istehsalçısı olardı. Bu təbii qaz ehtiyatı qlobal miqyasdadır. ABŞ-da ən ucuz təbii qaz və elektrik enerjisi “Shale Crescent USA” regionunda mövcuddur. Bu isə enerji tutumlu istehsal üçün əvəzsiz qazanc və təchizat təhlükəsizliyi yaradır.”

Onun sözlərinə görə, davamlı enerji təchizatı və əlverişli bazar şərtləri regiona beynəlxalq investorların cəlb olunması üçün rəqabət üstünlüyü yaradır.

Natan Lord regiona investisiya yatıran çoxmillətli şirkətlərdən birinin rəhbəri ilə söhbətini xatırladaraq bildirib ki, həmin rəhbər belə deyib: “Dünyanın müxtəlif yerlərində müəssisələr qurmuşam və hər zaman belə bir seçim qarşısında qalmışam — enerjinin olduğu yerdə olum, yoxsa müştərilərin olduğu yerdə? Çünki bunlar adətən eyni məkanda olmur. Bu region isə bu seçimi etməyə məcbur qalmadığım ilk yerdir, çünki burada hər ikisi də mövcuddur. Burada investisiya qoymaq istəyən Türkiyə şirkətləri üçün də eyni imkanlar var. Türkiyədə keçirdiyimiz görüşlərdən sonra onlarla şirkətin regionumuza sərmayə yatıracağına inanırıq.”

 

“Avropalılar danışır, lakin türklər edir”

“Shale Crescent USA”nin marketinq direktoru Qreq Kozera bildirib ki, Ohayo, Qərbi Virciniya və Pensilvaniyada şist qazının kəşfi regionun xarici investisiyalar üçün cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.

Q.Kozera qeyd edib ki, bol və ucuz enerji, xüsusilə polad və neft-kimya sahələrində istehsal sektorunun canlanmasına səbəb olub.

O, həmçinin infrastrukturun roluna diqqət çəkərək Türkiyənin iri miqyaslı layihələri sürətlə tamamlamaq qabiliyyətini yüksək qiymətləndirib.

Qreq Kozera deyib: “Türkiyədə olduğum müddətdə infrastruktur layihələrinin burada nə qədər sürətlə başa çatdırıldığını gördüm. Biz bunu ABŞ-da bacarmırıq. Türkiyə şirkətlərinə tövsiyəm budur: Əgər yüksək enerji istehlakçısısınızsa, ilk növbədə enerji mənbəyini müəyyənləşdirin. Enerji mənbəyinə nə qədər yaxın olsanız, uzunmüddətli qazancınız bir o qədər yüksək olar.”

İş mühitlərini müqayisə edən Q.Kozera Türkiyə və Avropaya son səfərlərinin aydın fərqləri ortaya qoyduğunu bildirib.

Q.Kozera deyib: “Avropalılar danışır, lakin türklər edir. Türkiyədə investorlar hökumət tərəfindən əngəllənmir, əksinə təşviq olunur. İstanbul–Ankara dəhlizi boyunca yeni sənaye zonalarının formalaşdığını gördüm. Avropada isə müəssisələr bağlanır. Siyasi baxımdan nələrin baş verdiyini bilmirəm, lakin gördüyüm budur ki, burada müsbət proseslər gedir, Avropa isə çətin vəziyyətdədir. Bu isə Türkiyənin Avropada real liderlik rolu üzərinə götürməsi üçün böyük fürsət yaradır.”

MƏNBƏ:TRT