Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz ölkədə yeni hökumətin fəaliyyətə başlaması ilə Türkiyə-Suriya sərhədindəki əsas təhlükəsizlik təhdidlərinin aradan qaldırıldığını diqqətə çatdırıb.
O, bu barədə Qətərin "Al Jazeera" kanalına verdiyi müsahibədə bildirib. N.Yılmaz müsahibəsində rəsmi Ankara ilə Dəməşq rəhbərliyi arasındakı diplomatik əlaqələr və regiondakı son proseslər haqqında bəhs edib.
Türkiyənin dünyadakı ən böyük diplomatik missiyasının paytaxt Dəməşqdə yerləşdiyini qeyd edən N.Yılmaz ikitərəfli münasibətlərin tarixi köklərinə toxunub. Səfir həmçinin hərbi və iqtisadi əməkdaşlığı, eləcə də terrorla mübarizədəki birgə qətiyyəti vurğulayıb.
Türkiyə ilə Suriya arasında dərin tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən N.Yılmaz Suriyanın türk milli yaddaşında xüsusi yer tutduğunu deyib.
Səfir N.Yılmaz çıxışında bu məqamlara diqqət çəkib: “Tarix boyu “Şam-ı Şərif” kimi tanınan bu qədim şəhər Osmanlıdan Səlcuqlulara qədər zəngin bir miras özündə ehtiva edir. Əməvilər məscidindəki azan qaydasından tutmuş birgə ənənələrimizə qədər mədəniyyətimizin ən özünəməxsus izləri burada yaşamağa davam edir”.
Təhlükəsizlik problemləri
İki ölkə arasındakı təhlükəsizlik şəraitini və hərbi sahədəki təmaslara toxunan N.Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir” prinsiplərini xatırladıb.
N.Yılmaz Suriyadakı hakimiyyət dəyişikliyindən sonra sərhəd boyu yaşanan əsas strateji təhlükəsizlik problemlərinin aradan qalxdığını bildirib.
N.Yılmaz deyib: “2024-cü il dekabrın 8-dən sonra sərhəd xəttimizdə insan alveri, narkotik ticarəti, qanunsuz miqrasiya və terror kimi dörd strateji təhlükəsizlik problemi birdən-birə aradan qalxdı”.
Türkiyə hərbi gəmilərinin Lazkiyə limanına etdiyi səfəri gələcək hərbi və dənizçilik sahəsindəki əməkdaşlığın konkret göstəricisi kimi qiymətləndirən səfir N.Yılmaz fikirlərinə belə davam edib: “Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Lazkiyə limanına reallaşdırdığı səfər önümüzdəki dövrdə hərbi və dənizçilik sahəsində həyata keçirəcəyimiz əməkdaşlığın ən konkret göstəricisidir. Suriya ordusunun təlim, təchizat və lojistik ehtiyaclarında onların yanında olmağa hazırıq”.
Rəsmi Ankara prosesi yaxından izləyir
Səfir N.Yılmaz Türkiyənin regiondakı terror qruplaşmaları ilə bağlı mövqeyinin dəqiq olduğunu bildirərək PKK/YPG/SDQ-nin bölgədən tamamilə təmizlənməli olduğunu vurğulayıb.
Rəsmi Ankaranın Suriya hökuməti ilə YPG arasındakı prosesi diqqətlə izlədiyini bildirən N.Yılmaz Suriyanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün Türkiyə, Suriya və İraq miqyasında PKK və SDQ qruplaşmalarının tamamilə ləğv edilməsinin vacibliyini əlavə edib.
N.Yılmaz deyib: “Məqsədimizi sadəcə Türkiyədə deyil, bütün coğrafiyamızda terrorun bitdiyi bir mühit kimi formalaşdırırıq. SDQ və PKK dəstələrinin Türkiyə, Suriya və İraq daxilində tamamilə ləğv edilməsi Suriyanın ərazi bütövlüyü və suverenliyi üçün şərtdir. Suriya Prezidenti Əhməd Şaranın da bildirdiyi kimi, inteqrasiya prosesi ləng irəliləsə də, terrorun sona çatması istiqamətində atılan addımları dəstəkləyirik”.
10 milyard dollarlıq ticarət hədəfi
İqtisadi əlaqələrdən danışan səfir N.Yılmaz ikitərəfli ticarət dövriyyəsinin qısa müddətdə 40 faiz artaraq 3,75 milyard dollara çatdığını və orta müddətli hədəfin 10 milyard dollar olduğunu qeyd edib.
N.Yılmaz həmçinin azad ticarət sazişi və birgə sənaye zonaları ilə bağlı danışıqların davam etdiyini bildirib.
Sərhəd keçid məntəqələrinə toxunan N.Yılmaz Türkiyənin 900 kilometrdən çox uzanan sərhəd xətti boyunca bütün keçid məntəqələrini yenidən açmağı hədəflədiyini qeyd edib.
N.Yılmaz deyib: “900 kilometri ötən sərhəd xəttimizdəki bütün məntəqələri açmağı hədəfləyirik. Ticarət Nazirliyimiz ilə Suriya gömrük qurumlarının əldə etdiyi razılaşma çərçivəsində Nusaybin-Kamışlı xətti başda olmaqla sərhəd keçid məntəqələrinin 3 ay ərzində mərhələli şəkildə fəaliyyətə başlamasını nəzərdə tuturuq. Bundan əlavə, İdlibdə qurulacaq azad zona və quru yolu limanı layihəsi ilə daşıma və gömrük prosesləri də sürətlənəcək”.
N.Yılmaz eyni zamanda, Suriyada təhsilə dəstək verməyin vacibliyini vurğulayıb. Türkiyə Milli Təhsil Nazirliyi ilə Suriya rəsmiləri arasında əldə olunmuş razılaşma çərçivəsində yaxın dövrdə Dəməşq və ətrafında beynəlxalq Türkiyə məktəbinin açılacağını bildirib.
Səfir N.Yılmaz Türkiyədə müvəqqəti qoruma altında olan suriyalılarla bağlı da danışıb. O, iş icazəsi tələbindən azad olunma qaydasının uzun müddətdir qüvvədə olduğunu xatırladıb. Səfir əlavə edib ki, növbəti mərhələdə ölkəsinə qayıdan suriyalıların Türkiyəyə səfərlərini asanlaşdırmaq məqsədilə Xarici İşlər və Daxili İşlər nazirlikləri tərəfindən yeni viza qaydaları üzərində iş aparılır.
Prezident R.T.Ərdoğanın Dəməşq səfəri
Prezident R.T.Ərdoğanın Suriyaya reallaşdıra biləcəyi ehtimal olunan səfəri ilə bağlı sualı cavablandıran N.Yılmaz belə deyib: “Cənab Prezidentimiz Dəməşqə və Əməvilər məscidinə böyük sevgilə yanaşır. Daha əvvəl planlaşdırılan təmaslar regiondakı hadisələr səbəbindən təxirə salınmışdı. Ümid edirik ki, bu il başa çatmadan Cənab Prezidentimizi Dəməşqdə görəcəyik. Cənab R.T.Ərdoğan ilə Cənab Ə.Şaranın Əməvilər məscidində yan-yana addımlayacağı o tarixi kadr iki ölkə arasındakı strateji tərəfdaşlığın gücünü dünyaya bəyan edəcək”.



















