AZƏRBAYCAN
2 dəqiqə oxuma
İki ölkə arasında real sülh var, lakin yekun saziş konstitusiya dəyişikliyindən asılıdır
Hikmət Hacıyev bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sadəcə kağız üzərində deyil, real sülh mövcuddur, birbaşa təmaslar artıb və iqtisadi əlaqələr...
İki ölkə arasında real sülh var, lakin yekun saziş konstitusiya dəyişikliyindən asılıdır
Davamlı sülh Cənubi Qafqazda ticarət və nəqliyyat əlaqələrini yenidən aça və Asiya ilə Avropa arasındakı əlaqələri gücləndirə bilər.

"Reuters" informasiya agentliyində Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi və tərəflər arasındakı sülh danışıqlarının hazırkı vəziyyətindən bəhs edən geniş məqalə dərc olunub.

Məqalə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Şuşada keçirilən forum çərçivəsində agentliyə verdiyi eksklüziv müsahibəyə əsaslanır.

Hikmət Hacıyev bildirib ki, hazırda Azərbaycan ilə Ermənistan arasında sadəcə kağız üzərində deyil, real sülh mövcuddur, birbaşa təmaslar artıb və iqtisadi əlaqələr, o cümlədən Azərbaycanın Ermənistana neft məhsulları tədarükü bərpa olunub.

O, vurğulayıb ki, rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının preambulasında yer alan və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən bəndlərin rəsmən ləğv edilməsini mütləq şərt kimi irəli sürür.

Məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi bəyanatlarına istinadən qeyd olunur ki, İrəvan yeni konstitusiya layihəsi hazırlayıb referendum keçirmək niyyətindədir. Lakin agentliyin apardığı siyasi təhlilə və Ermənistan parlamentindəki mövcud qüvvələr nisbətinə əsasən, Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının təkbaşına referendum çağırmaq üçün kifayət qədər konstitusion çoxluğu yoxdur və ruspərəst müxalifətin bu addıma necə reaksiya verəcəyi qeyri-müəyyən olaraq qalır.

“Ciddi və müsbət siqnallar”

Hacıyev həmçinin bildirib ki, Azərbaycan ABŞ-dən Vaşinqtonun dəstəklədiyi nəqliyyat dəhlizi layihəsi üzrə tikinti işlərinə bu payızda başlaya biləcəyi barədə “ciddi və müsbət siqnallar” alıb.

43 kilometr uzunluğunda olması planlaşdırılan bu dəhliz Ermənistanı keçərək Azərbaycanın Naxçıvan Muxtar Vilayətinə və Türkiyəyə birbaşa çıxış təmin edəcək.

Bu marşrut Vaşinqtonun Ukraynadakı müharibə səbəbindən Rusiyadan enerji və ticarət axınlarını yayındırmaq istədiyi bir vaxtda Asiyanı Avropa ilə daha sıx birləşdirəcək.

Hacıyev deyib: “Məqsədimiz bunu mümkün qədər tez həyata keçirməkdir”.

Hacıyev həmçinin bildirib ki, Azərbaycanın cənub-qərbindəki Zəngilan bölgəsinə qədər uzanan infrastruktur 2026-cı ilin sonuna qədər əsasən tamamlanacaq və daha sonra Ermənistan və Türkiyədəki planlaşdırılan infrastruktura qoşula bilər.