İsrail Baş naziri Benyamin Netanyahu İsrail və ABŞ-nin İran tərəfindən gələn təhlükəni aradan qaldırmaq məqsədilə birgə hərbi əməliyyata başladığını açıqlayıb. Benyamin Netanyahu Tehrandakı "qatil terrorçu rejimin" bütün bəşəriyyəti təhdid edə biləcək nüvə silahına malik olmasına icazə verilməməli olduğunu vurğulayıb. O, bildirib ki, bu əməliyyat “cəsarətli İran xalqının öz taleyini öz əlinə alması” üçün şərait yaradacaq. O, həmçinin İran cəmiyyətinin bütün təbəqələrini azad və dinc bir dövlət qurmaq üçün birləşməyə çağırıb
İrana qarşı başladılan bu əməliyyatın əvvəlki addımlardan daha genişmiqyaslı və güclü olduğunu bildirən Netanyahu İsrailin Tehranın nüvə silahı əldə etməsinə heç bir halda yol verməyəcəyini bir daha təkrarlayıb. İsrail şənbə günü səhər saatlarında "Aslanın nəriltisi" adlı əməliyyata start verərək ölkə daxilində fövqəladə vəziyyət elan edib.
ABŞ Prezidenti Donald Tramp da Amerika Birləşmiş Ştatların "İran rejiminə" qarşı genişmiqyaslı hərbi əməliyyatlarına başladığını təsdiqləyib.
Hücumlar Vaşinqton və Tehran arasında Omanın vasitəçiliyi ilə İranın nüvə proqramına dair danışıqların davam etdiyi bir vaxtda həyata keçirilib. Cenevrədə keçirilən sonuncu görüş fevralın 26-da yekunlaşmışdı.
Xatırladaq ki, ötən ilin iyun ayında 12 gün davam edən İsrail-İran müharibəsi zamanı ABŞ İranın üç nüvə obyektinə zərbələr endirmişdi.










