Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi bəyan edib ki, Axalkalaki-Qars dəmir yolu xəttinin Ermənistanın idxal və ixracı üçün açılması iki qonşu ölkə arasında ticarət əlaqələrində yeni bir addımdır.
Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi səfiri Sərdar Kılıç bu barədə mayın 24-də "X" platformasında etdiyi paylaşımında qeyd edib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın dəmir yolu xəttinin Ermənistanın xarici ticarəti üçün açıldığı barədə daha əvvəl etdiyi açıqlamaya istinad edib.
Sərdar Kılıç bu hadisəni Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində birbaşa ticarətdə yeni addım kimi qiymətləndirib.
“Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığı da inkişaf etdirəcək, regional sülh və sabitliyə mühüm töhfə verəcək bu yeni addımın bütün bu ölkələr üçün xeyirli olmasını diləyirəm”,-deyə Sərdar Kılıç qeyd edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri bu addımı Ermənistan iqtisadiyyatı üçün mühüm bir hadisə kimi xarakterizə edib, Türkiyə və Gürcüstandakı tərəfdaşlara əməkdaşlığa görə təşəkkürünü bildirib.
Paşinyan əlavə edib ki, Ermənistan artıq Gürcüstan və Azərbaycan üzərindən Rusiyaya, Rusiya və Qazaxıstan üzərindən isə Çinə dəmir yolu çıxışı əldə edib.
Paşinyan Türkiyə və Gürcüstan üzərindən keçən dəmir yolu marşrutunun Ermənistanın Avropa İttifaqı ilə əlaqələrini gücləndirəcəyini, Türkiyə, Azərbaycan və İran ilə dəmir yolu əlaqələrinin isə yaxın gələcəkdə qurulmasının gözlənildiyini söyləyib.


















