SİYASƏT
2 dəqiqə oxuma
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
NATO-nun Baş katibi Mark Rutte Bolqarıstanın Qara dəniz sahili yaxınlığında iki gəminin hədəf alınmasından sonra alyansın müdafiə tədbirlərində dəyişikliklər edəcəyini bildirib
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək / Reuters

NATO-nun Baş katibi Mark Rutte oktyabrın 13-də verdiyi açıqlamada Bolqarıstanın Qara dəniz sahili sularında iki gəminin hədəf alındığı son insidentdən sonra alyansın müdafiə tədbirlərini "ehtiyaca uyğun olaraq" tənzimləyəcəyini qeyd edib.

Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşdükdən sonra internet üzərindən açıqlama yayımlayan M.Rutte deyib: "NATO Qara dənizdəki müttəfiqlərimizlə sıx əməkdaşlıq çərçivəsində çalışmağa davam edəcək. Biz şərq cinahındakı mövqeyimizi artıq gücləndirmişik. Təhlükəsizlik mühitini izləməyi, çəkindiricilik və müdafiə mövqeyimizi ehtiyac yarandıqca tənzimləməyi davam etdirəcəyik".

Həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Bolqarıstan sahili yaxınlığında mülki gəmilərə qarşı təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumlarını pisləyib.

Fon der Lyayen oktyabrın 13-də "X" sosial şəbəkəsi vasitəsilə etdiyi açıqlamada bildirib: "Qara dəniz Rusiyanın Ukraynadakı müharibəsinin gərginləşdiyi yeni bir cəbhəyə çevrilib. Bu, qəbuledilməzdir".

Hücumların gəmi heyətinin həyatını təhlükəyə atdığını və regional təhlükəsizliyi təhdid etdiyini vurğulayan fon der Lyayen Bolqarıstan ilə həmrəy olduqlarını ifadə edib.

Fon der Lyayen "Məsuliyyət daşıyan şəxslər cavab verməlidir", — deyə əlavə edib.

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bolqarıstanın Baş naziri R.Radev Byala şəhərinin 18 dəniz mili şərqində yerləşən Malta bayraqlı "Chelsea 3" gəmisindən gecə saat 01:30-da həyəcan siqnalı alındığını açıqlayıb.

Heyətin verdiyi məlumata görə, Odessada qeydiyyatlı və Ukrayna mülkiyyətində olan gəmiyə üç pilotsuz uçuş aparatı (PUA) ilə göyərtə və yan hissədən zərbə endirilib.

Baş nazirin bildirdiyinə görə, 7-si Ukrayna və 8-i Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 15 nəfərlik heyət təhlükəsiz şəraitdə Varna limanına təxliyə edilib. Bu şəxslərdən 5 nəfərinə tibbi yardım göstərilib.

"Məsuliyyəti hər hansı bir tərəfin üzərinə qoyacaq qədər dəqiq və qəti sübutlara malik deyilik", — deyə bildirən R.Radev Rusiyanın səfirini məsələni müzakirə etmək üçün dəvət edəcəyini də sözlərinə əlavə edib.

MƏNBƏ:TRT