DÜNYA
2 dəqiqə oxuma
ABŞ "Grok" süni intellekt modelinin İrana qarşı hərbi əməliyyatlarda istifadə olunduğunu açıqladı
ABŞ hökuməti rəsmi hüquqi brifinqdə İlon Maskın "Grok" süni intellekt modelinin İrana qarşı hərbi hücumlarda istifadə edildiyini açıqlayıb
ABŞ "Grok" süni intellekt modelinin İrana qarşı hərbi əməliyyatlarda istifadə olunduğunu açıqladı
ABŞ "Grok" süni intellekt modelinin İrana qarşı hərbi əməliyyatlarda istifadə olunduğunu açıqladı / Reuters

ABŞ hökuməti rəsmi hüquqi brifinqdə İlon Maskın "Grok" süni intellekt modelinin İrana qarşı hərbi hücumlarda istifadə edildiyini açıqlayıb. Sənəddə milyarderin "xAI" şirkətinə məxsus nəhəng məlumat mərkəzində tətbiq olunan və ekoloji məhkəmə iddiasının hədəfinə çevrilən qaz turbinləri müdafiə olunur.

Məlumata görə, rəsmi Vaşinqton xAI şirkətinin superkompüter məlumat mərkəzində icazəsiz qaz turbinlərindən istifadə etməklə ekoloji qaydaları pozduğunu idda edən vətəndaş hüquqları təşkilatı NAACP-nin qaldırdığı məhkəmə iddiasına qarşı çıxıb. Ədliyyə Nazirliyi bu iddianın hərbi əməliyyatları dəstəkləyən süni intellekt innovasiyasının enerji təchizatını kəsərək ABŞ-nin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.

Federal prokurorların məhkəməyə təqdim etdiyi sənədlərdə Pentaqonun süni intellekt rəhbəri Kameron Stenlinin ifadəsi də yer alıb. Stenli bildirib ki, "Grok" modeli artıq ABŞ ordusunun hədəfləmə proqramı olan "Project Maven" çərçivəsində tətbiq edilir. O, Maskın texnologiyası sayəsində "Epik Qəzəb" əməliyyatı zamanı qüvvələrin qısa müddətdə minlərlə hədəfə zərbə endirmək imkanı qazandığını və əməliyyat səmərəliliyinin kəskin artdığını vurğulayıb.

Pentaqon fevral ayında layihənin əvvəlki tərəfdaşı "Anthropic" şirkəti ilə müqaviləni ləğv etdikdən sonra "Grok" modelinə keçid edib. Buna səbəb "Anthropic" şirkətinin özünün "Claude" süni intellekt modelinin tam avtomatlaşdırılmış hücumlarda və kütləvi nəzarət sistemlərində istifadəsinə icazə verməməsi olub. Lakin hökumət keçid dövrünün vaxt aparması səbəbindən sözügedən modelin hələ də müəyyən hərbi məqsədlər üçün istifadə olunduğunu etiraf edib. Digər tərəfdən, hərbi sifarişlərin qəbul edilməsi ABŞ-nin texnologiya sektorunda, xüsusən də "Google" işçiləri arasında ciddi narazılıqlara və etirazlara səbəb olub.

ABŞ Prezidenti Donald Trampın yaxın müttəfiqi olan İlon Mask fevral ayında xAI şirkətini "SpaceX" kosmik şirkətinə daxil edib və iyunun 12-də "SpaceX" tarixinin ən böyük IPO-sunu (səhmlərin ilkin kütləvi yerləşdirilməsini) həyata keçirib.