TÜRK DÜNYASI
3 dəqiqə oxuma
Qazaxıstanda yeni konstitusiya çərçivəsində ilk parlament seçkiləri keçirilir
Ölkə miqyasında səsvermə üçün 10.400-dən çox seçki məntəqəsi qurulub
Qazaxıstanda yeni konstitusiya çərçivəsində ilk parlament seçkiləri keçirilir
Qazaxıstanda yeni konstitusiya çərçivəsində ilk parlament seçkiləri keçirilir / AP

Qazaxıstan ölkənin yeni 145 yerlik birpalatalı qanunverici orqanı olan Qurultay üçün keçirilən ilk seçkilər çərçivəsində 10.400-dən çox seçki məntəqəsi təşkil edib. Ölkə üzrə seçki məntəqələri fəaliyyətə başlayıb.

Hərbi obyektlərdə, növbəli işçi məkanlarında, fasiləsiz istehsalat müəssisələrində və xüsusi müəssisələrdə bəzi məntəqələr daha tez açılıb. Qazaxıstan vətəndaşları, həmçinin 61 ölkədəki diplomatik nümayəndəliklərdə qurulan 79 məntəqədə də səs verə bilərlər. Təhlükəsizlik səbəbindən İran və Ukraynada səsvermə prosesi dayandırılıb. Efiopiyadakı Qazaxıstan səfirliyində isə qeydiyyatda olan Qazaxıstan vətəndaşı olmadığı üçün seçki məntəqəsi quraşdırılmayıb.

 

Yeni Konstitusiya çərçivəsində ilk səsvermə

Seçki Qazaxıstanın əvvəlki ikipalatalı parlamentini ləğv edən və bunun əvəzinə 145 deputatdan ibarət birpalatalı qanunverici orqan yaradan, bu il qəbul edilmiş yeni konstitusiya əsasında keçirilir. Seçicilər "Ədalət", "Ümummillilər Sosial-Demokrat Partiyası", "Baytaq", "Qazaxıstan Xalq Partiyası", "Aul", "Ağ Yol" və "Respublika" olmaqla yeddi partiya arasında seçim edirlər.

Yeni Qurultay partiya siyahıları ilə birmandatlı seçki dairələrini birləşdirən əvvəlki sistemi əvəz edərək, tamamilə partiya siyahıları vasitəsilə seçiləcək. Partiyaların parlamentə daxil ola bilməsi üçün səslərin 5 faizindən çoxunu toplaması tələb olunur.

Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Yerlan Karin seçkini ölkənin "milli yenilənmə" prosesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirib. Y.Karin Astanada səs vermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlama verərək deyib: "Bu seçkilər adi seçki deyil. Bu seçkilər həqiqətən tarixi əhəmiyyətə malikdir. Çünki yeni Konstitusiyanın qəbulundan sonra milli yenilənmənin növbəti mərhələsi başlayır".

Y.Karin seçkinin Qazaxıstanın siyasi transformasiyasına və müasirləşməsinə yeni bir təkan verəcəyini vurğulayıb.

 

Türkiyədən olan nümayəndə heyəti də seçkini izləyir

Seçkiləri 42 ölkə və 13 beynəlxalq təşkilatı təmsil edən 777 beynəlxalq müşahidəçi yerində izləyir.

Türkiyədən də Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları ilə Yüksək Seçki Şurasının (YSK) üzvlərinin yer aldığı nümayəndə heyəti Qazaxıstandakı seçkiləri müşahidə edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev seçkilərdə səs verib

Paytaxt Astanadakı Müstəqillik Sarayında yerləşən 520 nömrəli məntəqədə səs verən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daha sonra jurnalistlərə açıqlama verib.

K.J.Tokayev ölkədə ilk dəfə birpalatalı Qurultay üçün seçki keçirildiyini bildirərək, bu günün Qazaxıstan üçün "həqiqətən tarixi bir gün" olduğunu qeyd edib.

Kasım-Jomart Tokayev deyib: "Bir millət kimi sıx birləşərək hərtərəfli islahatlar həyata keçiririk. Hamınız bunu çox yaxşı bilirsiniz və ölkədə baş verən dəyişikliklərə şahidsiniz. Mühüm nəticələr əldə etməyi bacardıq. Bununla belə, qarşıda daha böyük işlər durur və qarşıya qoyduğumuz hədəflər xüsusi əhəmiyyət kəsb edir. Bugünkü seçkilər bu böyük işin hələ başlanğıcıdır".

 

Təhlükəsizlik tədbirləri

Daxili İşlər Nazirliyinin mətbuat katibi Şıngıs Alekeşev Qazaxıstan polisinin seçki günü üçün yüksək hazırılıq vəziyyətinə gətirildiyini bildirib. O, bütün məntəqələrin təhlükəsizlik baxımından yoxlanıldığını və 24 saatlıq mühafizə altına alındığını ifadə edib. Səlahiyyətli şəxslər ictimai qaydanın ciddi şəkildə pozulması halının qeydə alınmadığını və vəziyyətin sabit olduğunu qeyd ediblər. Prokurorluq təşviqat kampaniyası dövründə qeyri-qanuni sorğu keçirilməsi ilə bağlı üç və təşviqat qaydalarının pozulması ilə bağlı beş hal olmaqla, seçki qanunvericiliyinin səkkiz dəfə pozulduğunu müəyyən edib.

Mərkəzi Seçki Komissiyası ölkə üzrə məntəqələrin açılmasından üç saat sonra seçicilərin fəallığı barədə məlumat yayıb. Seçki üçün təxminən 12,6 milyon seçici qeydiyyata alınıb.

MƏNBƏ:TRT