Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammiti çərçivəsində finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşüb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Prezident İqamətgahında baş tutan görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Türkiyə ilə Finlandiya arasında ticarət əlaqələrinin inkişafından məmnunluğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan iki ölkənin əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirəcəyini bildirib.
Sammitdə güclü ittifaq həmrəyliyinin nümayiş etdirilməsinin vacibliyini vurğulayan Türkiyə lideri rəsmi Ankaranın Avropa Təhlükəsizlik Strategiyasına potensial töhfəsinin gözardı edilməməli olduğunu diqqətə çatdırıb.
Prezident Ərdoğan Türkiyənin həm regional gərginlikləri, həm də Ukraynadakı müharibəni dialoq yolu ilə həll etməyə çalışdığını vurğulayıb. Dövlət başçısı həmçinin Qəzzada davamlı atəşkəsə nail olunması və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması istiqamətində rəsmi Ankara tərəfindən aktiv fəaliyyətin davam etdirildiyini qeyd edib.















