Ukrayna Rusiyanın Qara dənizdə Antiqua və Barbuda bayrağı altında üzən yük gəmisini vurduğunu, kapitanın həlak olduğunu və Odessadakı liman infrastrukturuna ziyan dəydiyini açıqlayıb. Moskva isə Ukraynanın müdafiə və energetika obyektlərini hədəf aldığını bildirib.
Ukrayna Limanları İdarəsi Rusiyanın gecə saatlarında Qara dənizdə Antiqua və Barbuda bayrağı altında üzən yük gəmisinə hücum etdiyini və gəminin kapitanının həyatını itirdiyini açıqlayıb.
“Telegram” vasitəsilə verilən bəyanatda hücumdan sonra gəmidə yanğın baş verdiyi, yanğının söndürüldüyü və heyətin təxliyə edildiyi bildirilib.
Odessa Vilayət Valisi Oleh Kiper də Moskvanın dərman, məişət əşyaları və ərzaq anbarlarını vurduğunu xəbər verib.
Rusiya Müdafiə Nazirliyi isə bu gün (23 sentyabr 2026) yaydığı bəyanatda gecə təşkil edilən PUA hücumlarında Ukraynanın müdafiə və energetika obyektlərinin, logistika mərkəzlərinin və ordunun istifadə etdiyi gəmilərin hədəf alındığını açıqlayıb.
Zelenski: “Rusiya da dayandırarsa, energetika obyektlərinə hücumları dayandırmağa hazırıq”
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 22-də verdiyi bəyanatda Moskvanın da eyni addımı atacağı təqdirdə Rusiyadakı energetika obyektlərinə yönəlmiş hücumları dayandırmağa hazır olduqlarını bildirib. Zelenski həm Kiyevin, həm də Vaşinqtonun müharibənin qış gəlmədən başa çatmasını istədiyini qeyd edib.
Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsindəki təmasları zamanı jurnalistlərə açıqlama verən Zelenski Rusiyanın "enerji sistemimizə hücum etməyəcəyi” təqdirdə “energetika sahəsində istənilən atəşkəs formatına hazırıq" deyib.
Ukrayna lideri Moskvanın bu məsələdəki mövqeyini bilmədiyini, lakin "ABŞ tərəfinin onları bir şəkildə danışıqlar masasına gətirəcək bir yol tapacağına" ümid etdiyini bildirib.
2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq məqsədilə Vaşinqtonun rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər ABŞ-nin son aylarda İranla müharibəyə diqqət ayırması səbəbindən dalana dirənib.
Rusiya və Ukrayna aylardır fabrik, anbar, energetika və liman infrastrukturu, eləcə də Qara dənizdəki gəmilər də daxil olmaqla, mülki olduğu bildirilən nöqtələri hədəf alan uzaqmənzilli hücumlarını intensivləşdirir.
Sentyabrın 22-də Nyu-Yorkda Zelenski ilə görüşən ABŞ Prezidenti Donald Tramp keçən həftə Ukrayna və Rusiyanın bir-birinin energetika obyektlərini hədəf almamaq barədə razılığa gəldiyini bildirmişdi. Tramp bu açıqlamadan bir gün əvvəl Kiyevi Rusiya neft emalı zavodlarını vurduğuna görə tənqid etmişdi.






















