Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Yəməndəki son toqquşmalarda 15-i uşaq və 3-ü qadın olmaqla 32 mülki şəxsin öldürüldüyünü sənədləşdirdiklərini bildirib.
Ali Komissar ordu ilə husilər arasında toqquşmaların intensivləşdiyi Yəməndəki vəziyyətlə bağlı yazılı bəyanat yayıb.
Münaqişənin mülki şəxslər üzərindəki getdikcə artan dağıdıcı təsiri qarşısında dəhşətə gəldiyini bildirən V.Türk onsuz da taqətdən düşmüş əhalinin məruz qaldığı artan əzab və qorxunu pisləyib.
Husi qüvvələri tərəfindən Məribdə məcburi köçkünlərin sığındığı ərazilərə yönəlmiş 7 avqust, eləcə də 7 və 9 sentyabr tarixlərində həyata keçirildiyi bildirilən üç hücumun da sənədləşdirildiyini qeyd edən V.Türk mülki şəxslərin heç vaxt hədəf alınmaması və onların qorunmasının ən əsas prioritet olmalı olduğunu vurğulayıb.
Volker Türk bunlara diqqət çəkib: "Yenidən alovlanan toqquşmalar mülki şəxslərin kütləvi şəkildə daxili miqrasiyasına, bəzilərinin isə ölkəni tərk etmək məcburiyyətində qalmasına səbəb oldu. Bu vəziyyət hal-hazırda həssas olan mülki infrastruktura daha çox ziyan dəyməsinə və mülki şəxslərin təməl xidmətlərə çıxışının məhdudlaşmasına gətirib çıxardı. Yəmən xalqı sanki kifayət qədər səfalət çəkməyibmiş kimi, indi də toqquşmalardakı bu son gərginliyin yükünü mülki əhali çəkir. Çox sayda insan canını qurtarmaq üçün qaçmaq məcburiyyətində qalır".
Bütün tərəfləri gərginliyi daha da artırmaqdan çəkinməyə, mülki şəxslərə və mülki infrastruktura hörmətlə yanaşıb onları qorumağa və humanitar yardımların ehtiyacı olan hər kəsə çatmasını təmin etməyə çağırış edən V.Türk Yəmən xalqının daha bir böyük münaqişəyə tab gətirə bilməyəcəyini vurğulayıb.
BMT Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Baloç Yəməndə davam edən toqquşmaların 130 mindən çox insanın ev-eşiyindən didərgin düşməsinə səbəb olduğunu bildirmişdi.
Yəməndəki toqquşmalar
Yəməndə iyul ayından bəri yenidən kəskinləşən toqquşmalar ərazidəki nəzarət xəritəsini nəzərəçarpan dərəcədə dəyişdirib.
Husilər Hudeydə vilayətinin tamamında nəzarəti təmin etdikdən sonra Taizin qərbinə doğru irəliləyərək Muxa kimi Qırmızı dəniz sahilindəki şəhərləri və Babülməndəbə çıxışı təmin edən xətləri də ələ keçiriblər.
Husilərin Qırmızı dəniz sahilindəki Taizə bağlı Muxa şəhərindən sonra Babülməndəb boğazı ətrafındakı Haniş adaları, Məyyun adası və Zubabı da ələ keçirməsi döyüş meydanında diqqət cəlbedən dəyişikliyə səbəb olub.






















