“The New York Times” qəzeti oktyabrın 21-də yayımladığı xəbərdə bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası İsrail Baş naziri Benyamin Netanyahunun “Həmas”la əldə edilən Qəzza atəşkəsi üzrə razılaşmanı təhlükəyə sala biləcəyindən narahatlıq hissi keçirir.
Qəzet adının açıqlanmasını istəməyən Ağ Ev rəsmilərinə istinadla verdiyi məlumata görə, ABŞ vitse-prezidenti JD Vensin İsrailə səfərinin məqsədi B.Netanyahuya Qəzzadakı atəşkəsə riayət etməsi üçün təzyiq göstərmək və administrasiyanın razılaşmanı qorumaq istiqamətindəki qətiyyətini simvolik şəkildə nümayiş etdirmək olub.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşner də razılaşmanın icrası ilə bağlı B.Netanyahu və digər İsrail rəsmiləri ilə danışıqlar aparmaq üçün oktyabrın 20-də İsrailə gedib.
“The New York Times”a müsahibə verən yüksək vəzifəli bir ABŞ rəsmisi bildirib ki, S.Vitkoff və C.Kuşner atəşkəs razılaşmasının pozulma təhlükəsinin olduğunu düşünür.
Mənbələrdən əldə olunan məlumata görə, ABŞ nümayəndələrinin İsraildəki strategiyası B.Netanyahunu “Həmas”a qarşı genişmiqyaslı hərbi əməliyyatlara yenidən başlamaqdan çəkindirməkdir.
“The Times” yazır ki, S.Vitkoff və C.Kuşnerin İsraildə keçirdiyi görüşlər, ilkin razılaşmada dəqiq müəyyənləşdirilməmiş bəzi məsələlərə, xüsusilə sabitliyin təmin edilməsi və “Həmas”ın silahsızlaşdırılması kimi mövzulara fokuslanıb.
Atəşkəsin pozulması
Qeyd edək ki, İsrail oktyabrın 19-da Qəzza zolağında bir sıra ölümcül hava hücumları həyata keçirərək təxminən 44 fələstinlinin ölümünə səbəb olub. Buna səbəb olaraq isə İsrail ordusunun “Həmas”ın Rəfah şəhərində israilli əsgərlərə zərbə endirdiyini iddia etməsidir.
Lakin Fələstin müqavimət hərəkatı “Həmas” bu iddiaları təkzib edərək atəşkəsə sadiq qaldığını vurğulayıb.
Məsələyə münasibət bildirən prezident Donald Tramp İsrailin davam edən hücumlarına baxmayaraq, Qəzzada atəşkəsin təmin olunması ilə bağlı əldə olunan razılaşmanın hələ də qüvvədə olduğunu bildirib.
Xatırladaq ki, sözügedən atəşkəs razılaşması D.Tramp tərəfindən təqdim edilən mərhələli plan əsasında 10 oktyabr tarixində Qəzzada qüvvəyə minib.
Planın birinci mərhələsi israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur. Bundan əlavə, atəşkəs üzrə razılaşma Qəzzanın yenidən qurulmasını və “Həmas”ın daxil olmadığı yeni bir idarəetmə mexanizminin yaradılmasını da əhatə edir.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bəri İsrailin törətdiyi soyqırım nəticəsində 68 min 200-dən çox fələstinli həlak olub, 170 min 200-dən çox insan isə yaralanıb.









