TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə "15 iyul: Türkiyə Yüz ilinin İstiqlal Bəyannaməsi" başlıqlı məqalə qələmə alıb
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə "15 iyul: Türkiyə Yüz ilinin İstiqlal Bəyannaməsi" başlıqlı məqalə qələmə alıb.

Yerli mətbuatda işıqlandırılan məqalədə dövlət başçısı həmin tarixi gecədən düz on il ötdüyünü bildirib. R.T. Ərdoğan vurğulayıb ki, 15 iyul təkcə xain çevriliş cəhdinin qarşısının alındığı tarix deyil, həm də xalqın öz iradəsini, demokratiyasını və müstəqilliyini canı bahasına qoruduğu böyük bir qələbədir. Prezidentin sözlərinə görə, Türkiyə xalqı həmin gecə vətəni işğal etmək istəyən imperialistlərə və onların tərəfdarlarına tarixi bir dərs verib.

Məqalədə 15 iyul qəhrəmanlığının tarixi köklərə söykəndiyi vurğulanıb. Bildirilib ki, bu dastan min il əvvəl Malazgirtdə vuruşanların, İstanbulu fəth edənlərin və yüz il əvvəl Çanaqqalanı müdafiə edənlərin eyni inamı və qətiyyəti ilə yazılıb. R.T. Ərdoğan qeyd edib ki, xalqı meydanlara çağırarkən məqsəd əcdadların ‘‘Ya müstəqillik, ya ölüm!’’ şüarını dirçəltmək olub. O, xalqın bu çağırışa qoşularaq öz azadlığını qoruduğunu və ölkəyə qarşı qurulan bütün oyunları puça çıxardığını bildirib. Həmin gecə vətənini və bayrağını qoruyan 253 nəfər şəhid oldu, 2000-dən çox insan isə yaralanıb.

Prezident R.T.Ərdoğan son on ildə qanlı terror təşkilatı FETÖ-yə qarşı mübarizənin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qətiyyətlə davam etdirildiyini vurğulayıb. Dövlət qurumlarına sızan bu xərçəng hüceyrəsinin təmizlənməsinin və günahkarların qanun qarşısında cavab verməsinin şəhidlərin ruhu qarşısında ən böyük borc olduğunu qeyd edən dövlət başçısı bu mübarizənin bitmədiyini diqqətə çatdırıb. R.T. Ərdoğan həmçinin bildirib ki, oxşar məkrli strukturların dövləti bir daha hədəf almasının qarşısını almağın yeganə yolu 15 iyul ruhunu hər zaman canlı saxlamaq və bu şüuru gələcək nəsillərə ötürməkdir. O, 15 iyul ruhu yaşadıqca xarici güclərin və xainlərin çirkin planlarını həyata keçirə bilməyəcəklərini vurğulayıb. R.T. Ərdoğan məqaləsinin sonunda canı bahasına bu torpaqları qoruyan bütün şəhidlərə Allahdan rəhmət diləyib, qəhrəman qazilərə isə cansağlığı arzulayıb.