Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, Hakan Fidan 15 may bu gün (15 may 2026) Qazaxıstanın Türkistan şəhərində keçiriləcək TDT Qeyri-rəsmi Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanla bir yerdə və zirvədən əvvəl təşkil olunacaq TDT Xarici İşlər Nazirləri Şurası Toplantısında iştirak edəcək.
TDT-nin 7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən 12-ci Zirvəsində dövlət başçıları tərəfindən qəbul edilmiş bəyanatda Türkiyənin təşəbbüsü ilə TDT Xarici İşlər Nazirlərinin daha tez-tez görüşməsi məsələsi qeyd olunub.
Bu çərçivədə Türkiyənin ev sahibliyi ilə 7 martda İstanbulda və 18 apreldə Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində TDT Xarici İşlər Nazirləri Şurasının Qeyri-rəsmi Toplantıları keçirilib.
'Ailə Məclisi' adlandırılan təşkilatın tərkibində son dövrlərdə hər sahədə artan əməkdaşlığın təzahürü olaraq Türkistanda keçiriləcək növbəti toplantı ilə TDT üzvü ölkələrin xarici işlər nazirləri son üç ayda üçüncü dəfə bir araya gələcək.
Toplantıda Türkiyə, ev sahibi Qazaxıstan və növbəti sədr Azərbaycanla yanaşı, Qırğızıstan və Özbəkistan xarici işlər nazirlərinin və TDT Baş Katibinin iştirakı nəzərdə tutulur. Görüşdə təşkilat çərçivəsindəki əməkdaşlıq sahələri üzrə məsləhətləşmələr aparılması və əsasən İran və Qəzza olmaqla aktual qlobal və regional məsələlər barədə fikir mübadiləsi gözlənilir.
Toplantının sonunda 'TDT Katibliyinin İnstitusional və Rəqəmsal İmkanlarının Gücləndirilməsinə dair Xarici İşlər Nazirləri Şurasının Qərarı'nın imzalanması gözlənilir.
H.Fidanın sözügedən toplantıda səsləndirəcəyi nitqdə Türk Dövlətləri arasındakı siyasi dialoq, ticarət, enerji təchizatının təhlükəsizliyi, əlaqələndirmə, mədəniyyət və təhsil ilə rəqəmsal transformasiya sahələrində əməkdaşlığın dərinləşərək davam etməsindən duyulan məmnuniyyəti ifadə etməsi planlaşdırılır.
Həmçinin H.Fidanın Prezident Ərdoğanın çağırışına uyğun olaraq, Kıbrıs türklərinin və Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) beynəlxalq ictimaiyyətdə layiq olduqları mövqeyi əldə etmələri üçün Türk dünyası olaraq birlikdə çalışılmasının vacibliyini vurğulayacağı gözlənilir.
Hakan Fidan çıxışında İranda baş verən hadisələrin qlobal təhlükəsizlik və iqtisadiyyata mənfi təsirlərinin hər kəs tərəfindən hiss edildiyini, bu hadisələrin Türk Dünyası üçün alternativ vahidlik imkanlarının əhəmiyyətini bir daha ortaya qoyduğunu vurğulayacaq. Nazir Hörmüz Boğazının geosiyasi məqsədlərlə alətə çevrilməməsi və naviqasiya azadlığı prinsipinə riayət edilməsinin vacib olduğunu da bildrəcək.
XİN rəhbərinin Pakistan və digər regional tərəfdaşlarla birlikdə münaqişənin daimi şəkildə sona çatdırılması üçün diplomatik təşəbbüsləri dəstəkləməyə davam etməyin vacib olduğunu qeyd etməsi, Türkiyənin Qəzzaya humanitar yardımların kəsilmədən çatdırılması üçün səylərini davam etdirdiyini və beynəlxalq ictimaiyyətlə koordinasiyada Qəzzanın bərpası üçün üzərinə düşən məsuliyyətləri yerinə yetirməyə davam edəcəyini vurğulaması və görüş çərçivəsində TDT üzvü ölkələrin həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.













