Avropa İttifaqı (Aİ) Yunanıstana Türkiyə ilə bağlı mühüm xəbərdarlıq edib. Sözügedən xəbərdarlığı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas edib. Yunanıstanın aparıcı mətbuat orqanlarından olan "Ta Nea" qəzetinə müsahibə verən Kaya Kallas Türkiyə ilə xüsusilə müdafiə sektorunda əməkdaşlıq etməyin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyənin Aİ-nin 150 milyard avroluq SAFE müdafiə proqramında iştirakını əngəlləməyə çalışan Yunanıstana xəbərdarlıq edən Kaya Kallas rəsmi Ankara ilə mümkün qədər sıx əməkdaşlıq tərəfdarı olduqlarını bildirib. Aİ rəsmisi qeyd edib ki, Türkiyə SAFE proqramında yer almadığı üçün mövcud üzv dövlətlər onunla daha sıx əməkdaşlıq etmək istəyirlər. O, bu ölkələrin əksəriyyətinin Türkiyə ilə birlikdə NATO-da təmsil olunduğunu qeyd edib.
Kaya Kallas Avropanın xüsusən də müdafiə sektorunda Türkiyəyə ehtiyacı olduğunu bir daha diqqətə çatdırıb. Ali nümayəndə Türkiyənin Avropa təhlükəsizlik arxitekturasındakı əvəzedilməz mövqeyini xüsusi vurğulayıb.











