İsrail mətbuatının məlumatına görə, səhər saatlarından Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb.
İsraillilər rəsmi Tel-Əvivin Qəzza zolağında apardığı amansız müharibədən sonra əldə olunmuş atəşkəs nəticəsində azad ediləcək son 20 əsiri qarşılamağa hazırlaşırlar.
Fələstinlilər də İsrailin nəzarətində olan yüzlərlə fələstinli məhbusun azad edilməsini gözləyirlər.
Әsir mübadilәsi ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisinin həmsədrliyi ilə Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək sülh sammitindən bir neçə saat əvvəl başladı.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, İordaniya Kralı II Abdullah, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Böyük Britaniyanın Baş naziri Keir Starmer, İspaniya Baş naziri Pedro Sançes, İtaliya Baş naziri Corcia Meloni, Pakistan Baş naziri Şahbaz Şərif və Almaniya kansleri Fridrix Merz də daxil olmaqla 20-dən çox dünya liderinin iştirakı gözlənilir.
Misir bəyan edib ki, sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyi təşviq etmək və regionda təhlükəsizlik və sabitliyin yeni dövrünə başlamaqdır.













