Türkiyə istehsalı "Bayraktar TB2" aparatı Albaniyanın paytaxtı Tirana yaxınlığındakı dağlıq Kruya şəhəri yaşayış məntəqələrini təhdid edən meşə yanğınının nəzarət altına alınmasında iştirak edib. Yaşayış bölgələrinə yönəlik təhlükə yaradan meşə yanğını nəzarət altına alınıb.
Kruyada gecə boyunca davam edən yanğınsöndürmə əməliyyatları həyata keçirilib. Yanğınsöndürmə əməliyyatına ölkənin Silahlı Qüvvələrindən, mülki fövqəladə hallar bölmələrindən və Yanğından Mühafizə Xidmətindən təxminən 300 nəfərlik şəxsi heyət cəlb olunub.
Ölkə rəsmiləri bölgədə havadan dəstəklə aparılan yanğınla mübarizə əməliyyatlarının avqustun 9-da da davam etdirildiyini bildiriblər.
Əməliyyata Milli Mülki Müdafiə Agentliyinə aid 21 yanğınsöndürən maşın, üç helikopter, bir "Bayraktar TB2" pilotsuz uçuş aparatı və iki termal görüntü imkanına malik PUA daxil edilib.
Yanğından təsirlənən yaşayış məntəqələrindən bəzi sakinlərin təxliyəsi təmin olunub.
Yanğının nəzarət altına alınmasından sonra Albaniyanın Baş naziri Edi Rama "X" sosial şəbəkə hesabında paylaşım edib. O, bir anbarın yandığını, lakin heç bir vətəndaşın xəsarət almadığını bildirib.
"Kruya dağındakı genişmiqyaslı yanğınla mübarizə zamanı güclü külək səbəbindən gecə boyunca havadan söndürmə avadanlıqlarından istifadə olundu. Yanğınsöndürənlərimiz, hərbi və polis bölmələrimiz qəhrəmancasına və yüksək peşəkarlıqla mübarizə apardılar. Onlar bu bürkü yay aylarında digər Avropa ölkələrində olduğu kimi faciləvi nəticələrin yaranmasının qarşısını aldılar", - deyə Baş nazir bildirib.
Albaniyanın Daxili İşlər naziri Besfort Lamallari yanğınsöndürmə işlərini birbaşa hadisə yerində izləyib.
B.Lamallari yanğının təbii amillərdən deyil, insan fəaliyyəti nəticəsində baş verdiyini vurğulayıb. Nazir polisin artıq bir şübhəli şəxsi saxladığını açıqlayıb.
Albaniya Geoloji Elmlər İnstitutunun verdiyi məlumata görə, bəzi şəhərlərdə hələ də meşə yanğınları baxımından "yüksək" risk davam edir.
Qeyd edək ki, son günlərdə Albaniya ərazisində bir neçə nöqtədə yanğın qeydə alınıb. Bunların arasında paytaxt Tirana yaxın olan dağlıq Kruya şəhəri və ətrafındakı böyük yanğın xüsusilə diqqət çəkib.
Bundan əlavə qeyd etmək lazımdır ki, 2025-ci ildə "Baykar Texnologiyaları" tərəfindən hazırlanan Türkiyənin ilk yerli hücum pilotsuz uçuş aparatı (SİHA) "Bayraktar TB2" aviasiya tarixində avtonom şəkildə "qəza vəziyyətindən" (spin) çıxış manevrini uğurla yerinə yetirən ilk drondur.
Təkmilləşdirilmiş idarəetmə alqoritmləri sayəsində aparat avtonom olaraq özünü bərpa edərək stabil, üfüqi uçuş rejiminə qayıtmaq bacarığına malikdir.
Xüsusilə vurğulamaq lazımdır ki, bu çətin manevr əvvəllər başqa heç bir hücum PUA-sı tərəfindən uğurla həyata keçirilməyib.


















