Almaniya müdafiə nazirinin müavini Nils Şmid bildirib ki, bu həftə Ankarada keçiriləcək NATO sammitində Avropa müttəfiqləri ABŞ prezidenti Donald Trampa alyansın hərbi gücünə daha çox dəstək verməyə başladıqlarını nümayiş etdirəcəklər.
Anadolu Agentliyinə müsahibə verən N.Şmid deyib: “Tramp əmin ola bilər ki, maliyyə yükünün bölüşdürülməsi sadəcə bir şüar deyil. Bu, praktikada artıq reallaşır və biz bunu təkcə Almaniyada deyil, digər Avropa ölkələrində də görürük. Ümid edirik ki, Ankaradakı sammit dünyaya birlik mesajı verəcək, transatlantik əlaqələri gücləndirəcək və Atlantikanın hər iki tərəfinə hər iki tərəfinə NATO-nun kollektiv müdafiə üçün əsas qurum olduğunu aydın şəkildə göstərəcək”.
İyulun 7-8-də keçiriləcək sammitdə NATO-ya üzv dövlətlərin liderləri, hərbi rəhbərlər, müdafiə və xarici işlər nazirləri Türkiyənin paytaxtında bir araya gələcək. Avropa müttəfiqləri ilə aylarla davam edən gərginlikdən sonra ABŞ Prezidenti Donald Trampın da sammitə qatılmaq qərarı bu görüşün əhəmiyyətini daha da artırıb.
Trampın Avropa müttəfiqlərinin NATO-nun hərbi xərclərinə yetərincə töhfə verməməsi ilə bağlı sərt tənqidlərinə cavab verən N.Şmid vurğulayıb ki, üzv ölkələr müdafiə büdcələrini əhəmiyyətli dərəcədə artırmağa başlayıblar və alyans 2025-ci ildə Haaqada keçirilən sammitində müəyyən edilmiş hədəflərə doğru irəliləyir.















