Rusiya Prezidenti Vladimir Putin bu il Çinə səfər edəcək. Xarici işlər naziri Sergey Lavrov aprelin 15-də verdiyi açıqlamada Moskva və Pekinin strateji tərəfdaşlığı gücləndirmək üçün mühüm addımlar atdığını bildirib.
Pekinə etdiyi səfərdən sonra açıqlama verən Sergey Lavrov 2001-ci il Çin-Rusiya Dostluq Müqaviləsinin yenilənməsini də əhatə edəcək zirvə görüşünə hazırlıqların getdiyini qeyd edib. Rusiya mediasının məlumatına görə, səfərin may ayında baş tutacağı gözlənilsə də, detallar üzərində müzakirələr hələ davam edir. Hazırda tərəflər geniş siyasi və iqtisadi koordinasiya, eləcə də təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan gündəliyin formalaşdırılması üzərində çalışırlar.
Qeyd olunub ki, bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın 30-cu, dostluq müqaviləsinin imzalanmasının isə 25-ci ildönümü ilə üst-üstə düşür. Pekində Çin lideri Si Cinpin və xarici işlər naziri Vanq Yi ilə görüşən S.Lavrov xüsusilə enerji təhlükəsizliyi məsələlərinə diqqət çəkib. Sergey Lavrov bildirib ki, Hörmüz boğazındakı fasilələr qlobal tədarükü çətinləşdirdiyi bir vaxtda, Rusiya Çinin enerji ehtiyaclarını qarşılamağa və yaranan boşluğu kompensasiya etməyə hazırdır.






