YPG-nin Suriyanın şimal-şərqində törətdiyi hücumlarda iki gənc həyatını itirib.
"Alikhbariah TV" telekanalının bazar günü yaydığı məlumata görə, YPG terror təşkilatının Suriyanın şimal-şərqində törətdiyi hücumlar nəticəsində iki gənc həyatını itirib. Bildirilib ki, gənclərdən biri Haseke şəhərində, digəri isə Qamışlı rayonunun Əl-Qariqa kəndində açılan atəş nəticəsində qətlə yetirilib. Telekanalın yaydığı xəbərdə həmçinin YPG-nin Hasekenin şimalındakı Əl-Dərbasiya ətrafında yerləşən kəndlərə basqınlar təşkil etdiyi və bir neçə gənci qanunsuz şəkildə saxladığı qeyd olunub.
Sözügedən hücumlar Suriya hökumətinin yanvarın 23-də YPG ilə olan atəşkəs razılaşmasını daha 15 gün uzatmasından cəmi bir gün sonra baş verib. Bu qərar hökumətin dörd günlük əvvəlki atəşkəsin bitdiyini və tərəflərin növbəti addımları qiymətləndirdiyini açıqlamasından bir neçə saat sonra qəbul edilmişdi.
Qeyd edək ki, YPG Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qoludur.








