Hindistan Rusiyadan vətəndaşlarını orduya cəlb etməyi dayandırmağı və Ukraynadakı müharibə zamanı çağırılanları azad etməyi tələb edib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caişval bildirib ki, hökumət son bir ildir belə halların riskləri və təhlükələri barədə vətəndaşlarına xəbərdarlıq edir və onları ehtiyatlı olmağa çağırır.
“Bu məsələni həm Dehlidə, həm də Moskvada Rusiya rəsmiləri ilə müzakirə edərək bu təcrübəyə son qoyulmasını və vətəndaşlarımızın azad edilməsini tələb etmişik”, – deyə Caişval qeyd edib.
Hindistan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu ifadələrə yer verib: “Biz bütün Hindistan vətəndaşlarını Rusiya ordusuna qoşulmaq təkliflərindən çəkinməyə çağırırıq’’
Bu ilin iyul ayında Hindistan parlamentinə verilən məlumata görə, Rusiya silahlı qüvvələrində 127 Hindistan vətəndaşı xidmət edir, onlardan 98-i iki ölkə arasında aparılan danışıqlardan sonra azad edilib.
Nazirlik bildirib ki, Rusiya ordusunda qalan 13 Hindistan vətəndaşından 12-si itkin düşüb.
Mart ayında isə Hindistan hökuməti münaqişə zamanı 12 vətəndaşının həlak olduğunu açıqlamışdı.
Buna baxmayaraq Rusiya əvvəlcə Hindistan vətəndaşlarının hərbi xidmətə çağırılmayacağına zəmanət vermişdi.