Türkiyə Xarici İşlər naziri Hakan Fidan "NSosyal" hesabında paylaşım edərək İstanbulda keçirilən iclaslar barədə məlumat verib. O, İstanbulda R4 (Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı) və İtaliyanın da iştirakı ilə R4+E3 (Böyük Britaniya, Almaniya, Fransa) Xarici İşlər nazirlərinin görüşünün təşkil olunduğunu diqqətə çatdırıb.
Hakan Fidan İstanbulda əvvəlcə Pakistan, Səudiyyə Ərəbistanı və Misirdən olan həmkarları ilə R4 toplantısını reallaşdırdıqlarını qeyd edib. Nazir daha sonra Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Xarici İşlər nazirlərinin qatılması ilə 8 ölkəni bir araya gətirən mühüm bir tədbirə ev sahibliyi etdiklərini vurğulayıb.
İclasda Yaxın Şərq və Avropanın bir-biri ilə əlaqəli bütün problem və münaqişələri müzakirə olunub. Nazir Fidan tərəflərin ixtilafları dialoq və diplomasiya yolu ilə həll etmək barədə razılığa gəldiklərini bildirib.
Tədbirə qatılan həmkarlarına təşəkkürünü bildirən Xarici İşlər naziri paylaşımında deyib: "Rəhbərlik etdiyimiz bu təşəbbüsün davamlı olmasını, regionumuzda və onun hüdudlarından kənarda sülh və sabitliyə töhfə verməsini arzulayırıq. Türkiyə olaraq iki coğrafiya arasındakı mərkəzi mövqeyimizlə regional məsələlərin həllində məsuliyyət daşımağa davam edəcəyik."




















