SİYASƏT
3 dəqiqə oxuma
Tramp Qəzzada Türkiyə qoşunlarının yerləşdirilməsinin müzakirə olunacağını bildirib
"Prezident Erdoğan ilə güclü münasibətim var və bunu müzakirə edəcəyik", -deyə ABŞ prezidenti Floridada Netanyahu ilə görüşündən əvvəl bildirib
Tramp Qəzzada Türkiyə qoşunlarının yerləşdirilməsinin müzakirə olunacağını bildirib
Prezident Donald Tramp / AP

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Floridada keçirəcəyi görüş ərəfəsində Qəzzaya Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsi ehtimalının gündəmə gələ biləcəyini deyib.

Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla “çox yaxşı münasibətlərinin” olduğunu vurğulayaraq, bu mövzunun müzakirə ediləcəyini qeyd edib. “Prezident Ərdoğanla əla münasibətim var və bunu danışacağıq. Əgər görüş müsbət keçərsə, bunun yaxşı olacağını düşünürəm”, -deyə Tramp bildirib.

ABŞ Prezidenti bu açıqlamanı Qəzza üzrə 20 maddəlik atəşkəs planında nəzərdə tutulan Beynəlxalq Sabitləşdirmə Qüvvəsi (ISF) çərçivəsində Türkiyə hərbi birliklərinin bölgədə yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala cavab verərkən səsləndirib.

Netanyahu Trampın ikinci prezidentlik dövrü başlayandan bəri ABŞ-a beşinci səfərini edir. Səfər İsrailin Fələstin ərazilərində iki ildən artıqdır davam edən müharibədən sonra oktyabr ayında əldə olunan Qəzza atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzada 71 min 200-dən çox fələstinli həyatını itirib, 171 min 200-dən çox insan isə yaralanıb.

“Artan məyusluq”

Atəşkəs razılaşmasının birinci mərhələsi döyüşlərin dayandırılmasını, İsrail qüvvələrinin qismən geri çəkilməsini, İsrail tərəfindən saxlanılan yüzlərlə fələstinlinin azad edilməsi müqabilində bütün israilli girovların (sağ və ölü) mübadiləsini və Qəzzaya “tam humanitar yardımın” daxil olmasını nəzərdə tuturdu.

Trampın 20 maddəlik sülh planında əksini tapan ikinci mərhələ isə İsrailin Qəzzadan tam çıxmasını, HƏMAS-ın tərksilah edilməsini, bölgədə Beynəlxalq Sabitləşdirmə Qüvvəsinin yerləşdirilməsini və Qəzzanın müvəqqəti idarə olunması üçün fələstinli “texnokrat” komitəsinin yaradılmasını ehtiva edir. İsrail Türkiyə hərbi birliklərinin ISF-də iştirakına etiraz edir.

Atəşkəsə baxmayaraq, İsrail Qəzzanın keçid məntəqələrini böyük ölçüdə bağlı saxlayır. Bu isə müvəqqəti yaşayış evlərinin və bərpa üçün lazım olan materialların bölgəyə girişini əngəlləyir və 2 milyondan çox insanın üzləşdiyi humanitar böhranı daha da dərinləşdirir.

“Axios” xəbər saytı ötən həftə adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadla Trampın yüksək səviyyəli komandasının Netanyahunun “kövrək atəşkəsi pozan addımlarından” getdikcə daha çox məyus olduğunu yazıb.

Tramp eyni zamanda Qəzza planının ikinci mərhələsinə “çox sürətlə” keçməyə ümid etdiyini də bildirib.

Venesuela və İran

Digər tərəfdən, Tramp ABŞ-ın Venesuelada narkotik yüklü qayıqların istifadə edildiyi iddia olunan bir liman zonasına son hücumunun “böyük partlayışa” səbəb olduğunu və həmin obyektin artıq fəaliyyət göstərmədiyini söyləyib.

O, hədəfin narkotiklərin dəniz yolu ilə daşınması üçün istifadə olunan sahil infrastrukturu olduğunu qeyd edərək, “Bütün qayıqları vurduq, indi isə ərazini məhv etdik. Ora artıq mövcud deyil”, -deyə bildirib.

Tramp hücumu ABŞ ordusunun hansı bölməsinin həyata keçirdiyini açıqlamayıb, hadisənin “sahil xətti boyunca” baş verdiyini deyib.

ABŞ Prezidenti Venesuela lideri Nikolas Maduro ilə yaxın vaxtlarda görüşüb-görüşmədiyi barədə suala isə “yaxın zamanda” danışdıqlarını, lakin “bunun ciddi nəticə vermədiyini” bildirib.

Rəsmi Karakas nə görüş, nə də iddia edilən hücumla bağlı açıqlama verib.

Tramp İran məsələsinə də toxunaraq, iyun ayında vurulan nüvə obyektlərinin yenidən inşa edildiyi təqdirdə ABŞ-ın yeni hücumlara sürətlə başlayacağını deyib. “İranın yenidən bərpa işlərinə başlamağa cəhd göstərdiyini eşidirəm və əgər belədirsə, onları dayandırmalıyıq. Onları yerlə-yeksan edəcəyik”, -deyən Tramp eyni zamanda “daha məntiqli” hesab etdiyi bir razılaşmanı müzakirə etməyə açıq olduğunu da vurğulayıb.

Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub