Səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin oktyabrın 28-də Qəzzaya endirdiyi zərbələr nəticəsində 24-ü uşaq olmaqla 91 fələstinli həlak olub. Rəsmilər İsrailin atəşkəsi növbəti dəfə pozduğunu bildiriblər.
Qəzzadakı tibb işçiləri İsrail qüvvələrinin “sarı xətt” ərazisində yerləşən evləri, nəqliyyat vasitələrini, qaçqınların sığındığı çadırları və xəstəxananı hədəf aldığını açıqlayıblar.
Fələstin müqavimət hərəkatı ‘‘Həmas’’ oktyabrın 10-dan qüvvədə olan atəşkəsə sadiqliyini bir daha təsdiqləyib. Atəşkəs planı müharibədən zərər çəkmiş əraziləri yenidən qurmağı, Qəzzanı sabitləşdirməyi və yeni idarəetmə sistemi qurmağı hədəfləyir.
İsrail Baş naziri Benyamin Netanyahu isə israilli əsgərin öldürülməsindən sonra Qəzzaya hücum əmri verib.
ABŞ prezidenti Donald Tramp oktyabrın 29-da yaydığı bəyanatda İsrailin hücumlarına baxmayaraq atəşkəsin təhlükədə olmadığını bildirib.
Fələstin rəsmilərinin məlumatına görə, İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzzaya endirdiyi zərbələr nəticəsində 68.500-dən çox insan ölüb, 170.000-dən çox insan da yaralanıb.









