SİYASƏT
1 dəqiqə oxuma
Suriya hökuməti SDG-nin hücumlarından sonra Hələb hava limanında uçuşları dayandırdı
Suriya aviasiya qurumları Hələbdə baş verən hücumlardan sonra uçuşların 24 saat müddətinə dayandırıldığını açıqlayıb
Suriya hökuməti SDG-nin hücumlarından sonra Hələb hava limanında uçuşları dayandırdı
Suriya hökuməti SDG-nin hücumlarından sonra Hələb hava limanında uçuşları dayandırdı / AA
7 yanvar 2026

Suriyalı rəsmilər YPG terror təşkilatının rəhbərliyindəki Suriya Demokratik Qüvvələri (SDG) tərəfindən həyata keçirildiyi bildirilən hücumlardan sonra Hələb Beynəlxalq Hava Limanına gediş-gəliş uçuşlarının müvəqqəti olaraq dayandırıldığını bəyan edib.

Mülki Aviasiya Baş İdarəsi sərnişinlərin, uçuş heyətlərinin və hava limanı əməliyyatlarının təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların dərhal 24 saatlıq dayandırıldığını bildirib.

Qurum həmçinin qeyd edib ki, dayandırma müddəti ərzində bütün planlı reyslər aidiyyəti qurumlarla koordinasiya şəklində texniki və təhlükəsizlik qiymətləndirmələri tamamlanana qədər Dəməşq Beynəlxalq Hava Limanına yönləndiriləcək.

Aviasiya idarəsi qərarı “profilaktik və müvəqqəti” adlandıraraq, dayandırma müddəti başa çatdıqda və ya yeni inkişaflar baş verdikcə vəziyyətlə bağlı yenilənmiş məlumatların açıqlanacağını bildirib.

Sərnişinlərə aktual uçuş məlumatları üçün hava yolu şirkətləri ilə əlaqə saxlamaları tövsiyə olunub.

Qeyd edək ki, uçuşların dayandırılması barədə qərar, suriyalı rəsmilərin YPG terror təşkilatının rəhbərliyindəki Suriya Demokratik Qüvvələrinin (SDG) həyata keçirdiyini iddia etdikləri və yanvarın 6-da səhər tezdən Hələbdə baş verən hücumlardan sonra qəbul edilib.

Rəsmi açıqlamalara görə, Suriyada bir hərbçi və aralarında bir uşağın da olduğu dörd mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb.

Suriya və Türkiyənin PKK terror təşkilatının Suriyadakı qolu kimi tanıdığı YPG Suriya Demokratik Qüvvələrinin (SDG) nəzarəti altındadır.

MƏNBƏ:TRT