Birləşmiş Millətlər Təşkilatının (BMT) işğal altındakı Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanese İsrail barədə iddia edilən fikirlərinə görə Avropa hökumətlərinin təzyiqlərinə baxmayaraq istefa verməyəcəyini açıqlayıb.
"Euronews" telekanalına müsahibə verən F.Albanese Fransa xarici işlər nazirinin onu İsraili "bəşəriyyətin düşməni" adlandırmaqda ittiham etməsini "absurd" adlandırıb. Mübahisə bir qrup fransız qanunvericinin nazir Jan-Noel Barrota məktub göndərməsindən sonra başlayıb. Lakin F.Albanesenin Dohadakı forumda bu ifadəni işlətdiyinə dair sübut kimi təqdim edilən videonun saxta olduğu üzə çıxıb.
Almaniya, Fransa və Çexiya bu iddialara əsaslanaraq Albanesenin istefasını tələb ediblər. Lakin məruzəçi bildirib ki, bu kampaniya onun hesabatlarından diqqəti yayındırmaq məqsədi daşıyır. Albanese qeyd edib ki, təzyiqlərin əsl səbəbi onun Fransa da daxil olmaqla onlarla ölkənin İsrailə verdiyi siyasi və hərbi dəstəyi tənqid etməsidir.
150-dən çox keçmiş nazir, diplomat və səfir Albaneseni dəstəkləyən məktub imzalayaraq, Fransa xarici işlər nazirini dezinformasiya yaymaqda tənqid ediblər. Albanese konfransdakı çıxışında hökumətləri və medianı İsrailin Qəzzadakı müharibəsini asanlaşdırdıqlarına görə qınayıb və beynəlxalq hüququn "ürəyindən bıçaqlandığını" deyib.
2022-ci ildə BMT tərəfindən bu vəzifəyə təyin olunan Françeska Albanese İordan çayının qərb sahili və Qəzzada insan hüquqlarının pozulmasını monitorinq edir. O, Qəzzada təcili atəşkəs, humanitar yardımın çatdırılması və İsrailə silah satışının dayandırılması ilə bağlı ən kəskin çağırışlar edən beynəlxalq rəsmilərdən biridir.










