Akdeniz Universitetindən prof. Hakan Öniz qədim amfora qalıqlarının, tədqiqatçıların Şərqi Aralıq dənizi ilə Aralıq dənizi ətrafındakı ölkələr arasındakı ticarət əlaqələrinin izini sürməsinə necə töhfə verdiyindən danışır.
Minlərlə il əvvəl Aralıq dənizində yük daşıyan bir gəmi hədəfinə çatmamış sulara qərq oldu. Gəminin karqosu (yükü), antik dövrün böyük dəniz qüvvələrinin yüksəlişindən xeyli əvvəl mövcud olan ticarət dünyasına dair ipuclarını qoruyaraq dəniz dibində batıq olaraq qaldı.
İndi Türkiyənin Aralıq dənizi sahillərindəki bir batqını araşdıran arxeoloqlar bu qalığın 4 700 il əvvələ gedib çıxan, dünyanın məlum ən qədim gəmi qəzası ola biləcəyinə inanırlar. Bu kəşf beynəlxalq dəniz ticarəti şəbəkələrinin doğuşuna nadir bir pəncərə aça bilər.
Bu kəşfin arxasındakı ad isə Aralıq dənizi Arxeoloji Araşdırmalar Dərnəyinin qazıntı rəhbərliyini icra edən, Akdeniz Universitetinin prof. dr. Hakan Önizdir.
Öniz deyib: "Bu, çox mühüm bir kəşfdir; çünki bizə Levant ilə Aralıq dənizinin digər bölgələri arasındakı dəniz ticarətinə dair birbaşa sübut təqdim edir".
Antalyada Kekova adası açıqlarında üzə çıxarılan gəmi qəzası qədim sivilizasiyaları və bu sivilizasiyaların bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu araşdıran tarixçilər arasında böyük həyəcan yaradıb. Batan gəmidən qalanlar, Böyük Piramidanın inşa edildiyi dövrdə mövcud olan qədim sahil məskənlərini bir-birinə bağlayan ticarət əlaqələri və malların fəallığı haqqında ipucları verə bilər.
Ömür boyu sürən bir ehtiras
Professor Önizin bu kəşfin sükanı arxasında olması, əlbəttə ki, təsadüf deyil. Taleyin avarları onu hələ uşaq ikən bu marşruta yönəldib. Öniz üçün bu kəşf suyun altında gizli qalmış tarixə duyduğu, uşaqlıq illərindən bəri gələn marağının da bir zirvəsi xarakterindədir.
"Sualtı arxeologiya ilə hekayəm beş-altı yaşlarımda ikən başladı", -deyən Öniz əlavə edir: "Atam mənə bütün üzümü örtən böyük bir dalğıc maskası almışdı".
Əskişəhərdə anadan olan Öniz tətillərini həmişə dəniz kənarında keçirdiyini bildirir. Hələ uşaq ikən belə, suyun altında qarşılaşdığı əşyalar üçün xeyli maralqı olub.
"Suyun altında rəngbərəng daşlar və dulusçuluq (saxsı) qırıntıları tapdıqda və bunların keçmiş zamanlardan geriyə qalan şeylər olduğunu fərq etdikdə inanılmaz dərəcədə həyəcanlanmışdım", -deyir və əlavə edir: "O gündən bəri sualtı arxeologiyaya və dəniz altındakı tarixi əşyalara maraq göstərirəm".
Bu erkən yaşlardakı ehtiras zamanla onun akademik karyerasını da formalaşdırıb. Arxeologiya təhsili alan Öniz magistratura və doktoranturasını Konyadakı Səlcuq Universitetində tamamlayıb. Lakin Konyanın dənizdən uzaq olması sualtı araşdırmalar yönümlü bir sahəni inkişaf etdirmək üçün o qədər də əlverişli deyildi.
Professor Öniz bu proses barədə bunları deyir: "Sualtı arxeologiyanın dənizə daha yaxın bir universitetdə davam etməsi lazım idi. O dövrdə Türkiyə Milli YUNESKO (UNESCO) Komissiyasının sədri olan Münir Karaloğlunun dəstəyi ilə Konyada qurduğumuz infrastrukturu Antalyaya köçürmək imkanı əldə etdik".
Bu addım, daha əvvəl eyni şəkildə inkişaf etməmiş olan Akdeniz dənizi Universitetində sualtı arxeologiya işlərinin təməlini qoydu.
Universitetin Aralıq dənizi Sualtı Mədəni İrs Araşdırma Mərkəzi (Bölümü) hazırda sualtı arxeologiya sahəsində xüsusi bir təhsil təklif edir. Önizə görə, burası Türkiyədə bu sahədəki yeganə şöbədir və proqramda təxminən 50 tələbə təhsil alır. Öniz: "Türkiyənin sualtı arxeoloqları burada yetişdirilir", deyir.
Şöbənin fəaliyyəti təhsildən də kənara uzanır. Universitet daxilindəki bir laboratoriya dənizdən çıxarılan eksponatların qorunmasını və bərpa edilməsini (restavrasiyasını) təmin edərək, bunların gələcək nəsillər üçün araşdırılmasına və saxlanılmasına şərait yaradır. Kekova adası açıqlarında kəşf edilən gəmi qəzasının nə vaxt baş verdiyinin təxmin edilməsinə kömək edənlər də məhz bu konservasiya işləri oldu.
İki batqının hekayəsi
Kəşfin əhəmiyyəti ilk başda başa düşülməmişdi. Komanda batqını ilk dəfə təxminən dörd il əvvəl tapdıqda, dəniz dibinə dağılmış saxsı qablar xeyli sonrakı bir dövrə aidmiş kimi görünürdü.
Öniz deyir: "İlk başda bunun Osmanlı dövrünə aid, daha yaxın dövrün bir batqısı ola biləcəyini düşündük. Amforalar, yəni torpaq qablar digər batqılardan bildiyimiz tanış sivri və ya yumru tiplərə bənzəmirdi. Dibləri yastı idilər və bu növ qablar adətən Osmanlı dövrü ilə, xüsusən də son Osmanlı dövrü ilə əlaqələndirilir".
Komanda bölgəni sənədləşdirdi, lakin gəmidən qalanların real yaşını dərhal müəyyən edə bilmədi.
Dönüş nöqtəsi tədqiqatçıların başqa bir gəmi qəzasını araşdırarkən Misirdən gələn arxeoloji mənbələri nəzərdən keçirməyə başlaması ilə baş verdi.
Tədqiqatçılar bölgəni yenidən ziyarət etmək üçün Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən icazə aldılar. Aparılan ətraflı araşdırmalar qabların Erkən Tunc Dövründə (Levant) Şərqi Aralıq dənizi bölgəsi ilə əlaqələndirilən amforalarla bənzərlik təşkil etdiyini ortaya qoydu.
"Tipologiyaya və amforaların üzərindəki bəzəklərə əsaslanaraq batqını eramızdan əvvəl 2700-2400-cü illər arasına aid etdik", -deyə Öniz bildirdi. Komandanın hazırkı qiymətləndirməsinə görə, eyni dövrə aid edilən məlum başqa bir gəmi qəzasının olmadığını da sözlərinə əlavə etdi: "Əlbəttə ki, bir neçə il sonra və ya bəlkə də 20-30 il sonra daha qədim başqa bir batqı kəşf edilə bilər. Bu, hər zaman mümkündür. Lakin hazırkı vəziyyətə görə bildiyimiz şey budur".
Şərqi Aralıq dənizli bir tacirin karqo yükü
Gəminin özü artıq orijinal forması ilə qorunub saxlanmasa da, çıxarılan əşyalar batqının yaşından daha çoxunu ortaya qoyur. Aralarındakı fərqliliklər, gəmi yola düşməzdən əvvəl yükün necə bir araya gətirildiyinə də işıq sala bilər.
Çıxarılan amforalar ümumi bir formanı paylaşsa da, tamamilə eyni deyillər. Bəzəkləri və gil tərkibləri fərqlənir; bu da tək bir istehsal mərkəzindən çox, fərqli məskunlaşma yerlərində istehsal edilmiş ola biləcəklərini düşündürür. Öniz bu vəziyyəti belə izah edir: "Amforalar tamamilə eyni deyil. Ümumi tipologiyaları bənzərdir, lakin bəzəkləri, naxışları və gilləri fərqlilik göstərir". Arxeoloq üçün bu müxtəliflik yükün sahibi olan tacirin fəaliyyətinə dair ipucları daşıyır.
Öniz deyir: "Kiçikmiqyaslı bir tacirin Levantdakı fərqli yaşayış yerləri arasında səyahət edərək bir yerdən üç, başqa bir yerdən dörd amfora topladığı və ardınca bunları gəmiyə yüklədiyi ehtimal olunur".
Bu qablar hazırda Suriyanın cənubu, Livan və Fələstin sahillərindəki limanlarından gəlmiş ola bilər; hətta bəzilərinin İordan vadisində istehsal edilmiş olması da mümkündür. İçərilərində zeytun yağı və ya şərab daşındığı düşünülərkən, qətran olması daha aşağı bir ehtimal kimi qiymətləndirilir.
"İndiyə qədər bu bölgələr arasındakı ticarəti bilirdik, çünki bir bölgəyə aid əşyaları başqa bir yerdə tapmışdıq. Lakin bu batqı bizə malların dəniz yolu ilə daşındığına dair birbaşa sübut təqdim edir", -deyə Professor Hakan Öniz deyir.
Uzun müddətdir itkin olan dəniz yolu
Kəşfin gündəmə gətirdiyi suallardan biri də dəniz nəqliyyatı ilə quru ticarəti arasındakı əlaqəyə aiddir.
Bəzi nəzəriyyələr Levant ilə Troya (Truva) arasında hərəkət edən malların karvan yolu kimi tanınan bir marşrut şəbəkəsi vasitəsilə daşındığını irəli sürmüşdü. Öniz bu növ marşrutların həqiqətən mövcud olmuş ola biləcəyini və batqının onların mövcud olmadığını sübut edən bir dəlil kimi yozulmamalı olduğunu söyləyir: "Bəlkə də həqiqətən belə bir marşrut var idi. Həmkarlarımız bunun varlığına inanır və bunu dəstəkləyən sübutlar da mövcuddur. Bu, ayrıca bir sual olaraq qalır".
Kekova batqınında indiyə qədər təxminən 30 gil və keramika əşyası aşkar edilib. Aparılacaq növbəti tədqiqatlar yükə və səyahətin miqyasına dair əlavə məlumatlar təmin edə bilər. Öniz üçün işin ən mühüm tərəfi, yalnız quruda tapılan əşyalara əsaslanan fərziyyələrin kənarına çıxmaq imkanı verməsidir.
Öniz deyir: "Levant ilə Krit (Girit) və Troya kimi yerlər arasında ticarət əlaqələrinin olduğunu onsuz də bilirdik. Bu gəmi qəzasının bizə göstərdiyi şey, bu ticarətin ən azından bir hissəsinə dəniz yolu ilə reallaşdırıldığıdır.”



















