Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-16-da Azərbaycana rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Hakan Fidan səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov, həmçinin müdafiə naziri Zakir Həsənovla bir araya gələcək. Hakan Fidanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də gözlənilir.
Danışıqlar zamanı Türkiyə-Azərbaycan strateji münasibətlərində əldə olunan irəliləyişlərdən məmnunluq ifadə ediləcək, dövlət başçılarının qarşıya qoyduğu 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün səylərin gücləndirilməsinin vacibliyi vurğulanacaq. Tərəflər enerji və nəqliyyat sahələrindəki ortaq gündəm və layihələri, eləcə də müdafiə sənayesi, təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Görüşlərdə Türk Dövlətləri Təşkilatı (TDT) başda olmaqla, çoxtərəfli platformalarda əməkdaşlıq, həmçinin Türkiyənin ev sahibliyi edəcəyi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 13-cü Sammiti və COP31 ilə bağlı məsələlər nəzərdən keçiriləcək.
Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün tarixi fürsət yarandığını qeyd edərək, Türkiyənin mehriban qonşuluq münasibətlərini dəstəklədiyini və müsbət irəliləyişləri alqışladığını bildirəcək. O, həmçinin rəsmi Ankaranın Qarabağda infrastrukturun bərpası, enerji və ticarət xətlərinin açılması istiqamətindəki səylərə dəstəyini bir daha ifadə edəcək. Səfər zamanı cari regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılacaq.
















