Şərhlər
DÜNYA
3 dəqiqə oxuma
Pişiklər dünyanı idarə edirlər
Böyük otellərdən məşhur muzeylərə qədər, pişiklər ən nüfuzlu yerlərdə özlərinə yer tapmağı bacarıblar.
Pişiklər dünyanı idarə edirlər
Pişiklər
27 fevral 2025

Böyük otellərdən məşhur muzeylərə qədər, pişiklər ən nüfuzlu yerlərdə özlərinə yer tapmağı bacarıblar. Bu dörd ayaqlı məxluqlar, ev adlandırdıqları məkanların simvollarına və maskotlarına çevriliblər.

Səyahətimiz bir film hekayəsinə bənzəyir. Təsəvvür edin ki, küçə pişiyi siyasi mitinqə qatılıb. Qulağa bir az qəribə gəlir, deyilmi? Bəli, məhz bu olay Villov adlı boz pişiyin başına gəldi.

2020-ci ildə, yaşıl gözlü pişik Baydenin Pensilvaniyadakı mitinqinə qatılmağa qərar verdi. O, səhnəyə çıxdı və Birinci Xanım Cill Baydenin diqqətini çəkdi. Bu pişik, sonda Ağ Evin daimi sakini oldu. ‘‘Villov’’ digər pişiklərin yalnız xəyal edə biləcəyi bir həyat yaşamağa başladı.

"Villov" belə bir şansa malik olan yeganə pişik deyil. Dünyanın müxtəlif yerlərində pişiklər özlərinə həqiqətən önəmli məkanlarda yer tapıblar.

Londonda pişiklər sadəcə ev heyvanları deyil, onlar eyni zamanda kral sülaləsinin bir hissəsidirlər. ‘‘Lilibet’’ ilə tanış olun, II Kraliça Elizabetin adını daşıyan gözəl bir Sibir meşə pişiyidir. ‘‘Lilibet’’ beş ulduzlu "The Lanesborough" otelini özünə ev edib. O, kaminin yanında uzanıb, dünyanın hər yerindən onu görməyə gələn qonaqları salamlayır. Bəziləri sadəcə onunla tanış olmaq üçün oteldə qalırlar. Niyə olmasın? O, öz cazibəsi ilə mühitin abu-havasını dəyişdirir.

‘‘Lilibet’’ Londonun tarixi binasında yaşayan yeganə pişik deyil. Southwark Kafedralında "Hodge" adlı bir pişik kilsənin geyim otağını özünə ev edib. Bu pişik, ziyarətçilərin diqqətini çəkir və hədiyyə mağazaları onun oyuncaq versiyalarını satırlar!

Amma bəlkə də ən məşhur Britaniya pişiyi ‘‘Larri’’dir. "Larri" Britaniya Baş nazirinin rəsmi iqamətgahında yaşayır. Onun rəsmi titulu "Nazirlər Kabinetinin siçan ovçusu"dur. Onun əsas vəzifəsi Baş nazirinin iqamətgahını siçanlardan qorumaqdır. ‘‘Larri’’ əksər baş nazirlərdən daha uzun müddətdir ki, oradadır! Bu, bir pişik üçün kifayət qədər böyük bir nailiyyətdir!

Pişiklər yalnız dəbdəbəli otellərdə və ya hökumət binalarında yaşamırlar. Onlardan bəziləri dünya şöhrətli muzeylərdə də yaşayırlar. Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitaj Muzeyində bir və ya iki deyil, təxminən 80 pişik yaşayır!

Bu pişiklər muzeyin zirzəmisində yaşayırlar. Əvvəlcə siçovul populyasiyasını nəzarət altında saxlamaq məqsədilə gətirilmişdilər. Bu gün də bu işi görürlər, amma o qədər məşhurlaşıblar ki, hətta öz mətbuat katibləri də var.

Bundan başqa, Floridanın Ki-Vest şəhərindəki muzeylərdən birində xüsusi bir pişik qrupuna ev sahibliyi edilir. Heminqueyin Ev-Muzeyində 59 pişik yaşayır. Onların əksəriyyəti Ernest Heminqueyin altı barmaqlı pişiyi "Snow White"ın nəslindəndir. Pişiklər muzeydə sərbəst gəzirlər, Heminqueyin yazı masasında uzanırlar və ziyarətçilərə yoldaşlıq edirlər.

Muzey əməkdaşı Aleksa Morqan insanların muzeyə tarixi əsərləri görmək üçün gəldiklərini, ancaq sonda pişiklərə vurulduqlarını deyib. Bəziləri hətta sadəcə tüklü dostlarını ziyarət etmək üçün geri qayıdırlar. Görünür ki, bu pişiklər Heminqueyin özü qədər hekayənin bir hissəsinə çevriliblər.

Ancaq hər məşhur pişiyin uzun bir nəsil ağacı və ya dəbdəbəli evi yoxdur. Bəziləri sadəcə gəlir, öz yerlərini tapır və heç vaxt bu yeri tərk etmirlər.

İstanbulun Kadıköy səmtində rahat hərəkətləri ilə diqqətləri cəlb edən ‘‘Tombili’’ adlı kök bir pişik yaşayırdı. ‘‘Tombili’’nin ölümündən sonra Kadıköy bələdiyyəsi onun şərəfinə bir heykəl ucaltdı. Heykəl, fotoşəkillərin çəkildiyi pilləkənlərdə yerləşdirilib.

Karakasda isə Milli Seçki Şurasının ətrafında gəzən bir pişik var. Ancaq o, siyasətlə maraqlanmır. O, daha çox kabellərlə oynamağı və jurnalistlərə yoldaşlıq etməyi sevir.

Kosovonun paytaxtı Priştinada "Lule" adlı pişik yaşayır. Lule, Dit' e Nat kafesində yaşayır və o qədər məşhurlaşıb ki, onun şəklini kafenin şəkər paketlərinin üzərinə yerləşdiriblər. Kafenin sahibi, onun məkanın ruhu olduğunu deyir.

Saraylardan rahat kafelərə qədər, pişiklər dünyanın hər küncünə yol tapır və getdikləri hər yerdə iz qoyurlar. Növbəti dəfə məşhur bir yerə baş çəkəndə və ya qəhvə içəndə diqqətli olun. Oranı idarə edən bir pişiklə qarşılaşa bilərsiniz.