2026-cı ildə COP31 sammitinə ev sahibliyi etməyə hazırlaşan Türkiyənin Sıfır Tullantı Fondu ətraf mühit sahəsində etibarlı və müasir məlumat bazası yaratmaq məqsədilə türk və ingilis dillərində “Sıfır Tullantı Ensiklopediyası”nı nəşr edib.
Bu rəqəmsal platformada müxtəlif ölkələrin sıfır tullantı sahəsindəki təcrübələri, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri müqayisəli şəkildə təhlil edilir.
Ensiklopediyada ölkələr üzrə bərpa və təkrar emal nisbətləri ilə yanaşı, bu fəaliyyətlərin təmin etdiyi iqtisadi səmərəlilik ətraflı təhlil olunur. Layihə çərçivəsində təkrar emal sayəsində qorunan meşə örtüyü və azaldılan istixana qazı emissiyaları hesablanaraq prosesin ekoloji faydaları konkret rəqəmlərlə diqqətə çatdırılır. Eyni zamanda, binaların və mövcud infrastrukturun sıfır tullantı sistemlərinə keçid mərhələləri izah edilir və gələcək illər üçün proqnozlaşdırılan ekoloji göstəricilər əsasında strateji hədəflər müəyyənləşdirilir.
1995-ci ildən bəri hər il keçirilən Tərəflər Konfransı (COP), Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ən ali qərar qəbuletmə orqanıdır. Bu konfransın əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizədə əldə olunan irəliləyişləri qiymətləndirmək və qlobal miqyasda görüləcək tədbirləri müzakirə etməkdir.
COP31 sessiyası 2026-cı ilin 9–20 noyabr tarixlərində Türkiyədə keçiriləcək. Sammitin əsas hissəsi Antalyada, Liderlər Zirvəsi isə İstanbulda baş tutacaq
Ensiklopediya sıfır tullantı yanaşmasının iqlim böhranına qarşı nə dərəcədə təsirli olduğunu real faktlarla nümayiş etdirir.
Ensiklopediyaya “sifiratikansiklopedisi.com” internet saytı vasitəsilə daxil olmaq mümkündür.
Fəxri prezidenti Türkiyənin birinci xanımı Əminə Ərdoğan olan və mərkəzi İstanbulda yerləşən Sıfır Tullantı Fondu 2023-cü ildə təsis edilib. Fondun əsas məqsədi karbon emissiyalarını azaltmaq, təbii resurslardan səmərəli istifadəni təmin etmək və ətraf mühitlə bağlı görülən bütün işləri şəffaf şəkildə çatdırmaqdır.















