Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qurumun sədri Tomoko Akane və baş prokuror yardımçısı Əbdulaye Seyeni hədəf alan yeni ABŞ sanksiyalarını qətiyyətlə rədd edərək, bu addımı məhkəmə müstəqilliyinə qarşı "açıq hücum" adlandırıb.
Tramp administrasiyası sözügedən sanksiyaları BCM-in Əfqanıstandakı ABŞ hərbi personalına qarşı apardığı təhqiqatlara, həmçinin Qəzzada törədilən müharibə cinayətlərinə görə Benyamin Netanyahu da daxil olmaqla, yüksək vəzifəli İsrail rəsmiləri barəsində çıxardığı həbs qətimkan tədbirlərinə cavab olaraq tətbiq edib.
Haaqa Məhkəməsinin yaydığı bəyanatda bildirilir ki, son sanksiyalar BCM-in yaponiyalı sədri Tomoko Akane və Prokurorluq orqanında baş müstəntiq/vəkil kimi fəaliyyət göstərən seneqallı Əbdulaye Seyeni hədəf alıb.
BCM-dən qeyd olunub ki, hazırda qurumun 18 hakimindən 9-u, həmçinin prokuror müavini, keçmiş baş prokuror və bir neçə əməkdaş ABŞ-nin sanksiya siyahısındadır.
Məhkəmənin bəyanatında deyilir: "Bu sanksiyalar üzv dövlətlər tərəfindən verilmiş mandat çərçivəsində fəaliyyət göstərən qərəzsiz ədalət mühakiməsi organının müstəqilliyinə qarşı açıq hücumdur".
Əlavə olunub ki, hakimləri, prokurorları və məhkəmə heyətini xidməti vəzifələrini icra etdiklərinə görə hədəf alan bu cür tədbirlər hüququn aliliyini sarsıdır və beynəlxalq hüquq nizamını təhlükə altına atır.
BCM, həmçinin BMT üzvü olan dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının və beynəlxalq ədaləti dəstəkləyən digər tərəfdaşların həmrəylik mesajlarını yüksək qiymətləndirdiyini bəyan edib.






















