ABŞ prezidenti Donald Tramp yanvarın 3-də Venesuela dövlət başçısı Nikolas Maduronun ələ keçirilərək ölkədən çıxarılması ilə nəticələnən ABŞ hərbi əməliyyatından sonra Kolumbiya prezidenti Qustavo Petroya xəbərdarlıq edib. Həmçinin D.Tramp sərt bəyanatlarını Kuba və regional siyasət müstəvisinə də genişləndirib.
Floridada keçirilən mətbuat konfransında D.Tramdan Kolumbiya prezidentinin Venesueladaki hadisələrlə bağlı keçirdiyi narahatlıq hissi haqqında sual verilib. Cavab olaraq isə D.Tramp Kolumbiya liderini ABŞ-yə qarşı narkotik istehsalı və qaçaqmalçılığını idarə etməkdə ittiham edib.
D.Tramp deyib: “Onun kokain üyüdən obyektləri var. Kokain istehsal edən zavodları mövcuddur. Onlar bunu Birləşmiş Ştatlara göndərirlər. Q.Petro özünü qorumağa məcburdur”.
Qeyd edək ki, Venesuela əməliyyatından əvvəl də D.Tramp dəfələrlə rəsmi Karakası ABŞ-yə qeyri-qanuni narkotik axınını gücləndirməkdə ittiham etmiş və həyata keçirilən hücumları daha geniş regional təhlükəsizlik səylərinin tərkib hissəsi kimi təqdim etmişdi.
Kuba yaxın vaxtlarda ABŞ siyasət müzakirələrinin mərkəzinə çevrilə bilər
Tənqidlərini Kubaya da yönəldən D.Tramp adanı “uğursuz dövlət” kimi xarakterizə edib və onilliklərdir davam edən iqtisadi çətinlikləri ölkə rəhbərliyi ilə əlaqələndirib. O, Kubanın yaxın gələcəkdə ABŞ-də aparılan siyasi müzakirələrin əsas mövzularından birinə çevrilə biləcəyini irəli sürüb.
“Oradakı insanlar illərlə, uzun illər əziyyət çəkiblər. Biz kubalılara kömək etmək istəyirik, amma eyni zamanda Kubadan zorla çıxarılmış və bu ölkədə yaşayan insanlara da dəstək vermək niyyətindəyik”, - deyə D.Tramp bildirib.
Eyni toplantıda prezident D.Trampla birlikdə iştirak edən ABŞ dövlət katibi Marko Rubio isə Havana ilə bağlı daha sərt mövqe nümayiş etdirib. Kubanı “tam bir fəlakət” adlandıran M.Rubio kubalı rəsmiləri N.Maduronun hökumətinin ayaqda qalmasında əsas rol oynamaqda ittiham edib.
M.Rubio bildirib ki, Venesuelanın əsas problemlərindən birinin ölkə üzərində həddindən artıq Kuba təsirinin olmasıdır.
“N.Maduronu qorumağa kömək edən bütün mühafizəçilər, bütün kəşfiyyat strukturları kubalılarla dolu idi. Venesuelalıların üzləşdiyi ən böyük problemlərdən biri Kubadan faktiki müstəqilliklərini elan etməyə məcbur qalmalarıdır”, - deyə M.Rubio vurğulayıb.
Ekspertlər qeyd edirlər ki, bu açıqlamalar ABŞ-nin hərbi əməliyyatından sonra rəsmi Vaşinqtonla bir sıra Latın Amerikası hökumətləri arasında artan gərginliyi açıq şəkildə nümayiş etdirir.





