Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də verdiyi açıqlamada İran ilə ABŞ arasında gərginliyin azaldılmasına kömək etmək məqsədilə Türkiyənin vasitəçilik etməyə hazır olduğunu bildirib. Ölkə başçısı həmçinin rəsmi Ankaranın Tehran hakimiyyətinə qarşı hər hansı hərbi əməliyyatı qəbul etmədiyini vurğulayıb.
R.T.Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Şərqul-Əvsat” qəzetinə verdiyi müsahibədə deyib: “Gərginliyi azaltmaq və problemləri həll etmək məqsədilə İran ilə ABŞ arasında vasitəçi rolunu üzərimizə götürməyə hazır olduğumuzu bir daha təsdiqləyirik.”
Prezident R.T.Ərdoğan Türkiyənin regionun yeni bir müharibəyə və ya yeni bir dağıntı dalğasına şahid olmasını istəmədiyini də diqqətə çatdırıb.
Dövlət rəhbəri R.T.Ərdoğan bildirib: “İrana qarşı hər hansı hərbi müdaxiləni bütün platformalarda rədd etdiyimizi ifadə etmişik. Həmsöhbətlərimizə gərginliyi artıracaq hər cür addımdan çəkinməyin vacibliyini vurğulayırıq.”
Regional təhlükəsizlik mexanizmlərinin yaradılması
Prezident R.T.Ərdoğan böhranların hələ yaranmadan qarşısının alınması üçün regional təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına çağırıb.
R.T.Ərdoğan deyib: “Regionumuzun ehtiyacı yeni parçalanmalar deyil; ortaq ağıl və ortaq məsuliyyət əsasında qurulacaq əməkdaşlıq mühitidir. Məqsədimiz münaqişəni idarə etmək deyil, diplomatik dialoq üçün zəmini gücləndirərək qarşıdurmanın hələ yaranmadan önlənməsini təmin etməkdir. Buna görə də regional təhlükəsizlik mexanizmlərinin yaradılmasının böhranların hələ cücərməmiş qarşısının alınmasına töhfə verəcəyinə inanırıq.”
Prezident R.T.Ərdoğan başda Səudiyyə Ərəbistanı və Pakistan olmaqla dost ölkələrlə təmasların davam etdiyini bildirərək, məsələyə blok və ya ittifaq məntiqi ilə yanaşmadıqlarını qeyd edib.
“Bu yanaşma region ölkələri ilə apardığımız məsləhətləşmə və koordinasiya təşəbbüslərinin əsas baxışını təşkil edir,” – deyə R.T.Ərdoğan vurğulayıb.
Prezident R.T.Ərdoğan keçmiş təcrübələrin regionun tarixi, kimliyi və reallıqları nəzərə alınmadan aparılan siyasətin daha çox faciəyə səbəb olduğunu göstərdiyini bildirib və buna nümunə olaraq Qəzza, İraq, Suriya və Əfqanıstandakı münaqişələri göstərib.













