Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın paytaxtı Sofiyada həmkarı Velislava Petrova ilə keçirdiyi birgə mətbuat konfransında İran və ABŞ arasındakı gərginliyə toxunub. Nazir tərəflər arasında ümumi bir razılaşmanın əldə olunacağına dair ümidlərin hələ də yüksək olduğunu bildirib. Hər iki ölkə ilə daim təmasda olduqlarını qeyd edən Hakan Fidan son günlər başlayan qarşılıqlı hərbi zərbələrin böyük eskalasiya riski daşıdığını diqqətə çatdırıb. O, bu vəziyyətin rəsmi Ankaranı ciddi şəkildə narahat etdiyini vurğulayaraq tərəfləri hücumları dərhal dayandırmağa, danışıqlar masasına qayıtmağa və üzərində çalışdıqları ortaq mətni yekunlaşdırmağa çağırıb.
Gərginliyin artmasının və regionun yenidən irimiqyaslı müharibə mühitinə sürüklənməsinin heç kimə fayda verməyəcəyini qeyd edən Hakan Fidan Türkiyənin də bütün diplomatik səylərini bu istiqamətdə qurduğunu bəyan edib. Nazir proses nə qədər çətin və gərgin olsa da, əsas məqsədin danışıqları uğurla tamamlamaq olduğunu bildirərək Vaşinqton və Tehrana dialoqu yarımçıq qoymamağı tövsiyə edib.














