İsrail Livanın paytaxtı Beyruta bu gün ( 16 mart 2026) səhər tezdən hücumlar təşkil edib. İsrail həmçinin Tehrana da yeni hücumlar həyata keçirərkən, İrana məxsus bir pilotsuz uçuş aparatının (PUA) Dubayda bir yanacaq çəninə isabət etməsindən sonra Dubay hava limanı müvəqqəti olaraq bağlanıb.
İran iki həftədən çoxdur ki, ABŞ və İsrail tərəfindən hücuma məruz qalmasından bəri mütəmadi olaraq İsraili, Amerika bazalarını və Körfəzdəki ərəb qonşularının enerji infrastrukturunu pilotsuz uçuş aparatları və raketlərlə vurur.
Bundan əlavə, dünya neftinin beşdə birinin daşındığı Hörmüz boğazındakı daşıma hərəkətliliyini faktiki olaraq dayandıran İran qlobal enerji böhranı qorxusunu artıraraq Vaşinqton üzərində getdikcə artan bir təzyiq yaradıb.
Beynəlxalq standart olan "Brent" nefti bu gün barel başına 100 dolların üzərində qalıb. İranda neftin qiyməti ABŞ və İsrailin 28 fevralda ölkəyə hücum etməsindən bəri təxminən 45 faiz artaraq, erkən əməliyyatlarda 104 dollar olub. Münaqişə zamanı bu rəqəm təxminən 120 dollara qədər yüksəlmişdi.
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açıq qalması üçün təxminən yeddi ölkəyə hərbi gəmi göndərmələrini tələb etdiyinisöyləyib, lakin ölkələr Trampın bu çağırışlarına qarşılıq olaraq hər hansı bir öhdəlik götürməyiblər. Respublikaçılar Partiyası amerikalı istehlakçılar üçün artan qiymətlərin bu payızdakı seçkilərdə Prezidentə zərər verəcəyindən narahatdır.
Tramp Prezident təyyarəsi ilə Floridadan Vaşinqtona dönərkən jurnalistlərə: “Bu ölkələrin gəlib öz ərazilərini qorumalarını tələb edirəm, çünki bu, onların öz əraziləridir” deyib. Tramp ölkələrin adlarını çəkməyib, lakin daha əvvəl Çin, Fransa, Yaponiya, Cənubi Koreya və İngiltərəyə çağırış etmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin müharibəni danışıqlar yolu ilə bitirməyi hədəflədiyi iddialarını "xəyal məhsulu" adlandıraraq, bu gün səhər tezdən sosial mediada paylaşım edərək ölkəsinin nə "atəşkəs, nə də görüş" istəmədiyini bildirib.
Əraqçi “X”-də belə yazıb: “Güclü Silahlı Qüvvələrimiz, ABŞ Prezidentinin həm amerikalılara, həm də iranlılara sırıdığı qanunsuz müharibənin yanlış olduğunu və əsla təkrarlanmamalı olduğunu anlayana qədər hücum etməyə davam edəcək”.
İran Dubay Hava Limanını vurub
Bu gün səhər radələrində dünyanın ən fəal hava beynəlxalq sərnişin hərəkətinə sahib hava limanı olan Dubay beynəlxalq hava limanı yaxınlığında PUA yanacaq tankerinə çırpılaraq böyük yanğına səbəb olub.
Yanğınsöndürənlər yanğını nəzarət altına almağı bacarıblar və hər hansı bir xəsarət alan olmayıb, lakin hava limanı bütün uçuşları müvəqqəti olaraq dayandırıb.
İran müharibənin başlamasından bəri ABŞ hərbi aktivlərinə ev sahibliyi edən Körfəz ölkələrinə yüzlərlə raket və pilotsuz uçuş aparatı atıb.
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) rəsmiləri bu raketlərin çoxunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini, lakin raketlərin qalıqlarının və bəzi PUA-ların ölkə daxilinə düşdüyünü bildiriblər.
İranlı rəsmilər son vaxtlar BƏƏ-ni öz ərazilərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinə icazə verməkdə ittiham ediblər. Birləşmiş Ərəb Əmirliyi rəsmiləri bu iddiaların səhv olduğunu və həyata keçirdikləri fəaliyyətlərin müdafiə xarakterli olduğunu söyləyiblər.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı ölkənin şərq bölgəsinə, xüsusən də böyük neft obyektlərinə göndərilən daha 61 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
İsrail ordusu bu gün səhər tezdən İranın da İsrailə raket atdığını bildirib. İsrail ordusu İranın bəzi hava hücumundan müdafiə sistemlərindən yayına və sursatı bir neçə nöqtəyə paylaya bilən kassetli bombalar atdığını qeyd edib.
İsrail Beyrut və Tehranı vurdu
İsrail səhər tezdən Livanın paytaxtı Beyruta yeni hücumlar təşkil edərək Hizbullah ilə əlaqəli infrastrukturu hədəf aldığını iddia edib. Şəhərdə güclü partlayış səsləri eşidilib.
İsrail ordusu Beyrutla yanaşı, Livanın cənubundakı bir çox məhəllə üçün təxliyə əmri verib. Bu günə qədər İsrailin Livandakı hücumları səbəbindən 800 mindən çox insan didərgin düşüb.
İsrailin hücumlarında indiyədək ən azı 850 nəfər ölüb, onların arasında 107 uşaq və 66 qadın var.
İsrail ordusunun Tehranda infrastrukturu hədəf alan yeni hücumlar başladığını elan etməsindən qısa müddət sonra İran paytaxtında və ətrafında partlayışlar eşidilib.
Qırmızı Xaçın məlumatına görə, İranda indiyədək 1 300-dən çox insan həlak olub.
İranın İsraildəki raket hücumlarında 12 nəfər ölüb və çox sayda insan yaralanıb. Ən azı 13 ABŞ hərbçisi ölüb; bu hərbçilərdən altısı ötən həftə İraqdakı təyyarə qəzasında həyatını itirib.
Tramp kömək etməyən müttəfiqləri "unutmayacağını" söyləyib
Tramp Prezident təyyarəsində Hörmüz boğazından keçən neft tankerləri və digər ticari gəmilər üçün təhlükəsizliyi təmin etmək məqsədilə qurmaq istədiyi koalisiyanın hansı ölkələri əhatə edə biləcəyini açıqlamayıb. Lakin kömək etməkdən imtina edən ölkələri unutmayacağını bildirib.
Tramp başlanğıcda Britaniya aviadaşıyıcılarını "təhlükəyə atmağı" rədd etdiyini söylədiyi Britaniya Baş naziri Kir Starmeri (Keir Starmer) nümunə göstərib.
Tramp: “Dəstək alıb-almamağımız önəmli deyil, amma bunu deyə bilərəm və onlara da dedim: Bunu unutmayacağıq” deyib.
Yaponiya Baş naziri Sanae Takaiçi parlamentdə etdiyi çıxışda hökumətinə Trampın Hörmüz boğazını qorumağa kömək edəcək gəmilər göndərmə çağırışı ilə bağlı Vaşinqtondan "heç bir məlumat gəlmədiyini" söyləyib.
Yaponiya xam neftinin 90 faizindən çoxunu Yaxın Şərqdən idxal edir. Takaiçi: “ABŞ-nin tələbindən asılı olmayaraq,” yapon gəmilərini qorumaq üçün nələrin edilə biləcəyi barədə müzakirələr aparıldığını qeyd edib.
Müdafiə naziri Şinciro Koizumi mövcud təhlükəsizlik şərtləri daxilində Hörmüz boğazına hərbi gəmi göndərmə planlarının olmadığını bildirib. Yaponiya tədarük qıtlığı və yüksələn qiymətlərlə bağlı narahatlıqları aradan qaldırmaq üçün neft ehtiyatlarını istifadəyə verməyə başlayıb.
Tramp qiymətlərin düşəcəyini proqnozlaşdırsa da, daxili işlər nazirinin bir ehtimal kimi qeyd etdiyi və yüksələn neft qiymətlərini cilovlamaq üçün neft fyuçers müqavilələrinin satılması məsələsini administrasiyanın nəzərdən keçirib-keçirmədiyi barədə suala birbaşa cavab verməyib.
Tramp jurnalistlərə: “Bu vəziyyət bitən kimi qiymətlər ən aşağıda olacaq. Və bu, kifayət qədər tez bitəcək” deyib.








