Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri dayandırmaq barədə qərar qəbul edib. Bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda BƏƏ-nin düşmənçilik və təxribat xarakterli addımlar atdığı vurğulanıb. Qeyd olunub ki, Əlcəzair tərəfi dövlətlərarası münasibətlərə hörmətlə yanaşaraq uzun müddət təmkin nümayiş etdirib və rəsmi Əbu-Dabini xəbərdar edib. Lakin bu xəbərdarlıqlara baxmayaraq, BƏƏ-nin analoji addımları davam etdirməsi ikitərəfli münasibətlərin qorunması üçün bütün imkanları tükəndirib.
Bildirilib ki, qərarla bağlı BƏƏ-nin Əlcəzairdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Ona diplomatik münasibətlərin dayandırılması barədə rəsmi nota təqdim olunub və ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
BƏƏ tərəfi hələlik Əlcəzairin bu qərarına reaksiya verməyib.
Qeyd edək ki, Əlcəzair 2026-cı ilin fevralında BƏƏ ilə 2013-cü ildə imzalanmış hava əlaqələri haqqında sazişin ləğvi prosedurlarına başladığını bəyan etmişdi. Ötən ilin oktyabrında isə Əlcəzair prezidenti Əbdülməcid Tebbune bir ölkə istisna olmaqla, bütün Körfəz dövlətləri ilə münasibətlərin yaxşı olduğunu bildirmişdi.














