Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bu gün Antalyada atdığımız imza ilə ikinci mərhələdə hədəflədiyimiz 3 min meqavatlıq əlavə gücün reallaşdırılmasına yönəlmiş işlərimizi daha irəli bir mərhələyə daşıyırıq" deyib.
Nazir Alparslan Bayraktar Səudiyyə Ərəbistanı ilə elektrik layihələrində əməkdaşlığa dair anlaşma memorandumunun imzalandığını və "ACWA Power" tərəfindən Türkiyədə iki mərhələdə həyata keçiriləcək ümumilikdə 5 min meqavatlıq bərpa olunan enerji layihələrinin çərçivəsini formalaşdırdıqlarını bildirib.
Bayraktar "X" sosial şəbəkə hesabındakı paylaşımında Prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Al Səudu qəbul etdiyi görüşdə iştirak etdiklərini dilə gətirib.
Qəbuldan sonra Prezident Ərdoğanın hüzurunda elektrik layihələrində əməkdaşlığa dair anlaşma memorandumunu imzaladıqlarını bildirən Bayraktar deyib:
"Fevralın 3-də Ər-Riyadda imzaladığımız və oktyabrın 21-də qüvvəyə minən hökumətlərarası sazişlə "ACWA Power" tərəfindən ölkəmizdə iki mərhələdə həyata keçiriləcək ümumilikdə 5 min meqavatlıq bərpa olunan enerji layihələrinin çərçivəsini müəyyənləşdirdik. İlk mərhələni təşkil edən Sivas və Karamandakı ümumilikdə 2 min meqavatlıq günəş enerjisi layihələrində əldə olunan irəliləyişdən məmnunuq. Bu gün Antalyada atdığımız imza ilə ikinci mərhələdə hədəflədiyimiz 3 min meqavatlıq əlavə gücün reallaşdırılmasına yönəlmiş işlərimizi daha irəli bir mərhələyə daşıyırıq. Bu çərçivədə yüksək gərginlikli sabit cərəyan ötürücü infrastrukturu və batareya enerji saxlanma sistemləri ilə dəstəklənən külək elektrik stansiyalarının inkişaf etdirilməsini nəzərdə tuturuq. Bərpa olunan enerji potensialımızı artırarkən şəbəkə infrastrukturumuzu gücləndirəcək və sistem çevikliyini artıracaq bu investisiyalarla Səudiyyə Ərəbistanı ilə strateji enerji əməkdaşlığımızı dərinləşdiririk. Türkiyənin enerji transformasiyasına və investisiya mühitinə duyulan inamı konkret layihələrə çevirməyə davam edəcəyik".



























