"Anadolu Agentliyi"nin yerli mənbələrə istinadən yaydığı məlumata görə, YPG terror təşkilatı fevralın 1-də Suriyanın şimal-şərqindəki Həsəkə şəhərində ən azı 23 yerli sakini saxlayıb. Bildirilir ki, buna səbəb həmin şəxslərin Suriya Daxili İşlər Nazirliyinə tabe olan təhlükəsizlik qüvvələrini qarşılamaq üçün küçələrə çıxması olub.
Mənbələrin verdiyi məlumata görə, ABŞ-ın dəstəyi ilə əldə olunmuş razılaşma çərçivəsində dövlət karvanının bölgəyə daxil olmasından sonra Həsəkə şəhər mərkəzində 21, Rmelan rayonunda bir və Almabde şəhərində bir nəfər saxlanılıb.
"Al-Ikhbaria" telekanalı qeyd edir ki, YPG silahlıları atəşkəs rejiminə baxmayaraq Hələbin şimalında mühasirədə qalan ərazilərdən, o cümlədən əl-Qubba və əl-Cəada kəndlərindən qaçmağa çalışan mülki vətəndaşlara atəş açıblar. Ötən həftə isə qruplaşmanın Həsəkə şəhəri və Kamışlı yaxınlığındakı əl-Qariqa kəndində törətdiyi hücumlar nəticəsində iki gənc qətlə yetirilib.
Suriya hökuməti ilə YPG arasında əldə olunan son razılaşmaya əsasən, silahlı nümayişlər qadağan edilməli, silahdan istifadə yalnız daxili təhlükəsizlik qüvvələri ilə məhdudlaşdırılmalı və YPG qüvvələri Fərat çayının şərqinə çəkilməlidir. Razılaşma həmçinin Həsəkədəki dövlət qurumlarının mərkəzi hökumətlə inteqrasiyasını və işçilərin dövlət maaş sisteminə daxil edilməsini nəzərdə tutur.












