İsrail atəşkəsə baxmayaraq, Livanın cənubuna qarşı yeni hücumlar təşkil edib. İsrailin bölgədəki pilotsuz uçuş aparatı (PUA) hücumlarında ən azı beş nəfərin həyatını itirdiyi bildirilib.
İsrail ilə İran arasındakı gərginliyin artması, həftə sonu Livana qarşı edilən hücumlar səbəbindən sürətlənmişdi. Bu gərginliyin qarşılıqlı olaraq qismən azalmasından 24 saat sonra Livanın cənubu yenidən İsrail hücumlarının hədəfi olub.
Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Nəbatiyə bölgəsinə bağlı Adşit qəsəbəsində fermalardan birini hədəf alan İsrail hava hücumunda bir nəfər həyatını itirib.
Habbuş qəsəbəsində təşkil edilən PUA hücumunda isə 16 yaşlı bir oğlan uşağının həyatını itirdiyi bildirilib.
İsrailə məxsus PUA-ların, həmçinin Kfar Rummandakı Əl-Marc məhəlləsinə təşkil etdiyi hücumda daha iki nəfər həyatını itirib.
Sur şəhərində isə mülki yaşayış sahələrini hədəf alan hava hücumlarında bir nəfərin cansız bədəninin tapıldığı və itkin düşənlərin tapılması üçün işlərin davam etdiyi bildirilib.
İsrailin Şarkiyə qəsəbəsində Hüseyni Klubu yaxınlığında təşkil etdiyi və qısa fasilə ilə həyata keçirdiyi iki PUA hücumunda isə Livan Mülki Müdafiə qruplarına aid heyət üzvlərinin də aralarında olduğu üç nəfər yaralanıb.
Livan Mülki Müdafiə qurumunun yaydığı bəyanatda, axtarış-xilasetmə işləri zamanı ikinci hücumun baş verdiyi və müdaxilə qruplarının hədəf alındığı qeyd edilib.
Hücumlar səbəbindən Sur və ətrafında yeni bir didərgin düşmə dalğasının yaşandığı, sığınacaq mərkəzlərinin tamamilə dolduğu ifadə edilib.
Livan rəsmiləri ABŞ-nin dəstəklədiyi atəşkəsin qüvvəyə mindiyi 2 mart tarixindən bəri İsrailin Livana qarşı hava hücumlarında 3 600-dən çox insanın həyatını itirdiyini, 11 mindən çox insanın yaralandığını və 1,6 milyondan çox insanın didərgin düşdüyünü açıqlayıb.













