ABŞ ərazisində təsirli olan qış fırtınası hava nəqliyyatını iflic vəziyyətinə salıb. Uçuşların izlənməsi xidmətinin yaydığı məlumata əsasən, yanvarın 26-na qədər olan 14 mindən çox reys ləğv edilib.
“FlightAware” platformasında yanvarın 24-də 3.898 reysin ləğv edildiyini, yanvarın 25-də (bu gün) 8.822, yanvarın 26-na isə əlavə olaraq 1.549 reysin ləğv olunmasının proqnozlaşdırıldığını göstərib. Eyni zamanda yanvarın 24-də 3.004 reysdə gecikmə qeydə alınıb.
Fırtınanın yanvarın 24-dən etibarən ABŞ-nin cənub-qərbindən şimal-şərqinədək uzanan geniş bir ərazini əhatə edəcəyi gözlənilir. Bu səbəbdən milyonlarla insan üçün fövqəladə vəziyyət elan edilib.
ABŞ Milli Hava Hidrometeorologiya Xidməti Oklahomadan cənub Meyn ştatınadək güclü qar yağışının gözlənildiyini, cənub və cənub-şərq ştatlarında isə genişmiqyaslı yağış və sulu qar müşahidə olunacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl rekord səviyyədə soyuq hava dalğasının onlarla ştatı vuracağı barədə xəbərdarlıq etmişdi. D.Tramp 12 ştat üzrə fövqəladə vəziyyət elanını təsdiqləyib, ümumilikdə isə ən azı 22 ştatda və Vaşinqton Kolumbiya Dairəsində fövqəladə vəziyyət elan olunub.
Elektrik enerjisində kəsintilər
Əlverişsiz hava şəraiti ucbatından elektrik enerjisinin verilişində baş verən kəsintilərin sayı da artmaqda davam edir. “PowerOutage.com” platformasının məlumatına görə, yerli vaxtla saat 18:30-a olan vəziyyətə əsasən, ABŞ üzrə 130 mindən çox abonent elektriksiz qalıb. Kəsintilərin böyük hissəsi Texas və Luiziana ştatlarında qeydə alınıb.
ABŞ Milli Hava Hidrometeorologiya Xidməti xüsusilə ölkənin cənub-şərqində qeyri-adi dərəcədə geniş ərazini əhatə edən və uzunmüddətli qış fırtınasının təsirli olacağı barədə xəbərdarlıq edərək, bunun iflicedici və bəzi yerlərdə dağıdıcı nəticələrə səbəb ola biləcəyini bildirib.
Meteorologiya rəsmiləri yanvarın 25-nə qədər ABŞ-nin Böyük Ovalar bölgəsində rekord səviyyədə aşağı temperatur göstəricilərinin və təhlükəli dərəcədə hiss edilən soyuqların təsirini daha da artıracağını proqnozlaşdırırlar.








