TÜRKİYƏ
2 dəqiqə oxuma
Dünya liderləri 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəlir
20-dən çox dövlət başçısı və 50-dən artıq xarici işlər naziri regional məsələləri müzakirə etmək üçün Antalya Diplomatiya Forumu 2026-da iştirak edəcək
Dünya liderləri 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəlir
Dünya liderləri 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəlir
8 saat əvvəl

17–19 aprel tarixlərində Türkiyənin turizm şəhəri Antalyada beşinci Antalya Diplomatiya Forumu keçiriləcək. Beləliklə də, Antalya şəhəri aprel ayında dünya liderləri, nazirlər və yüksək vəzifəli rəsmilərin bir araya gəlməsi ilə yenidən qlobal diplomatiyanın əsas mərkəzlərindən birinə çevriləcək.

“Sabahı formalaşdırmaq, qeyri-müəyyənlikləri idarə etmək” başlıqlı mövzu ətrafında keçiriləcək Antalya Diplomatiya Forumu – 2026 tədbiri qlobal qeyri-sabitliyi müzakirə etmək və beynəlxalq diplomatiyanın gələcəyinə istiqamət vermək məqsədilə ölkə liderlərlərini bir araya gətirəcək.

2021-ci ildə təsis olunduğu vaxtdan etibarən forum dialoq, əməkdaşlıq və yüksək səviyyəli diplomatik təmaslar üçün dünyanın aparıcı platformalarından birinə çevrilib.

Bu il keçiriləcək forumda dövlət başçıları, nazirlər və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri daxil olmaqla 150-dən çox ölkədən iştirakçıların qəbul edilməsi gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, 20-dən çox dövlət başçısı, 15 vitse-prezident və 50-dən artıq xarici işlər nazirinin forumda iştirakı nəzərdə tutulur.

Forumun beynəlxalq təşkilatlardan təxminən 75 nümayəndə daxil olmaqla 460-dan çox yüksək vəzifəli iştirakçını və ümumilikdə təxminən 5 min qonağı bir araya gətirəcəyi gözlənilir.

Məlumata görə, ADF-26 çərçivəsində geniş coğrafi təmsilçilik nəzərə alınaraq iştirak edən dövlət başçılarının təxminən yarısı Afrika və Avropadan olacaq.

Xarici işlər nazirləri arasında isə iştirakçıların 40 faizi Afrikadan, 35 faizi Avropadan, 22 faizi isə Asiyadan olacaq.

 

Onlarla sessiyada qlobal məsələlər müzakirə olunacaq

Proqram çərçivəsində qlobal transformasiya, qeyri-müəyyənlik və dəyişən regional balansları əhatə edən 40-dan çox sessiya və liderlər səviyyəsində panellər keçiriləcək.

Müzakirələr zamanı həmçinin dəyişən qlobal nizamı formalaşdıran siyasi, iqtisadi, ekoloji və texnoloji çağırışlar da gündəmdə olacaq.

Bununla yanaşı forumda Balkanlar Sülh Platforması, Qəzza mövzusu, Türk Dövlətləri ilə bağlı məsələlər, həmçinin Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə keçiriləcək dördtərəfli görüş kimi başlıqlar ön plana çıxacaq.

MƏNBƏ:TRT