İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ ordusunun İranın cənubuna təşkil etdiyi hava zərbələrinə cavab olaraq Fars körfəzi regionunda yerləşən Amerikanın strateji hərbi bazalarını hədəf aldığını bəyan edib. Rəsmi Tehran Küveyt və Bəhreyndə ABŞ-a məxsus ümumilikdə 18 mühüm hərbi obyektə zərbələr endirildiyini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı məlumatda hədəf alınan strateji nöqtələr arasında Küveytdəki "Əli əs-Səlim" və "Əhməd əl-Cabir", həmçinin Bəhreyndəki "Şeyx İsa" aviabazalarının olduğu bildirilir. İran ordusunun digər bəyanatında isə ABŞ-nin Bəhreyndə yerləşən "Patriot" raketdən müdafiə sistemlərinin və hərbi rabitə qurğularının vurulduğu qeyd olunub.
Qarşılıqlı hərbi zərbələr regional gərginliyi ən yüksək həddə çatdırıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı bir çox hərbi hədəfə qarşı yeni əməliyyatlara başladıqlarını elan edərək bu addımın Tehranın "ədalətsiz və davam edən təcavüzünə" cavab xarakteri daşıdığını vurğulayıb. ABŞ-ın bu bəyanatından sonra İranın cənubundakı Hörmüzqan əyalətində genişmiqyaslı partlayışlar qeydə alınıb. İranın rəsmi "Mehr" agentliyi Bəndər Abbas, Sirik və Minab şəhərləri yaxınlığında güclü partlayış səslərinin eşidildiyini bildirib.















