TÜRKİYƏ
3 dəqiqə oxuma
Türkiyə–Afrika İş və İqtisadi Forumunun Birgə Bəyannaməsi təqdim olunub
Ticarət Nazirliyinin ev sahibliyi, Afrika İttifaqının koordinasiyası və Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə İstanbul Konqres Mərkəzində keçirilən Türkiyə-Afrika İş və İqtisadi Forumu (TABEF) öz işini davam etdirir
Türkiyə–Afrika İş və İqtisadi Forumunun Birgə Bəyannaməsi təqdim olunub
Türkiyə–Afrika İş və İqtisadi Forumunun Birgə Bəyannaməsi təqdim olunub
17 oktyabr 2025

Türkiyənin ticarət naziri Ömər Bolat Afrikaya münasibətin qardaşlıq, ədalət, bərabərlik, qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bildirib.

Ticarət Nazirliyinin ev sahibliyi, Afrika İttifaqının koordinasiyası və Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə İstanbul Konqres Mərkəzində keçirilən Türkiyə-Afrika İş və İqtisadi Forumu (TABEF) öz işini davam etdirir.

“Türkiyə–Afrika Münasibətlərini Gücləndirərək Ortaq Qazancların Paylaşılması” mövzusunda təşkil olunan forum çərçivəsində “Türkiyə–Afrika İş və İqtisadi Forumunun Birgə Bəyannaməsi” açıqlanıb.

Forum çərçivəsində keçirilən iclasda çıxış edən Ticarət naziri Ömər Bolat bildirib ki, tədbir 27 Afrika ölkəsi və 4 regional təşkilatı təmsil edən 28 nazir, bir sıra nazir müavinləri və yüksək səviyyəli nümayəndələrlə yanaşı, 4000-ə yaxın Türkiyə və Afrika iş adamını bir araya gətirib.

Nazir qeyd edib ki, rəsmi sessiyalarla yanaşı, müxtəlif mövzularda panellər, sərgilər və ikitərəfli işgüzar görüşlər də təşkil olunub.

Türkiyə ilə Afrika arasındakı iqtisadi münasibətlərin inkişafına toxunan Ömәr Bolat deyib:
“Türkiyə–Afrika əlaqələri ticarət, investisiyalar, müqavilələr, xidmətlər sektoru, nəqliyyat və enerji sahələrində ciddi irəliləyişlər əldə edib. 2003-cü ildə 5,4 milyard dollar olan Türkiyə–Afrika xarici ticarət dövriyyəsi ötən il 37 milyard dollara çatıb. Bu il bu göstəricinin 40 milyard dollara yüksələcəyini gözləyirik’’.

Nazir Ömər Bolat Afrikada açılan səfirliklərin sayının artmasından, Türk Hava Yollarının uçuş istiqamətlərinin çoxalmasından və türk podratçı şirkətlərinin həyata keçirdiyi layihələrin həcminin genişlənməsindən bəhs edib.

“Əhalisi 1,5 milyardı keçən Afrika qitəsi 2050-ci ilə qədər dünya əhalisinin dörddə birini təşkil edəcək. Zəngin təbii ehtiyatları, geniş daxili bazarı və gənc əhalisi ilə Afrika gələcəkdə qlobal iqtisadi inkişafın aparıcı qüvvəsinə çevriləcək. Türkiyə Cümhuriyyəti olaraq Afrikaya baxışımız qardaşlıq, ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Bu çərçivədə TABEF sammitimizin əsas mövzusu — qlobal iqtisadi qeyri-müəyyənliyi birlikdə idarə etmək, qlobal çağırışlara qarşı güclərimizi birləşdirmək və Türkiyə–Afrika tərəfdaşlığını daha da gücləndirməkdir’’,-deyә Ömәr Bolat vurğulayıb.

Afrika İttifaqının İqtisadi İnkişaf, Ticarət, Turizm, Sənaye və Mədənçilik üzrə Komissarı Fransiska Tatçoup Belobe dəyişən qlobal kontekstdə keçirilən forumun əhəmiyyətini vurğulayıb.

O bildirib ki, qlobal iqtisadiyyat ciddi təzyiqlərlə üz-üzədir: inflyasiya, pozulmuş təchizat zəncirləri, iqlim dəyişiklikləri və artan geosiyasi gərginliklər daha güclü və dayanıqlı tərəfdaşlıqlara ehtiyac yaradır.

Belobe Türkiyə və Afrika arasında birgə sərmayə və layihələr vasitəsilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib:

“Bu baxımdan, Türkiyə və Afrika sıfırdan başlamır. Bu il forumun beşinci dəfə təşkil olunması, əvvəlki dörd forumda əldə edilən nailiyyətlərin davam etdirilməsi üçün mühüm fürsətdir’’.

Forum çərçivəsində tematik sahələr müəyyənləşdirilib və Ticarət naziri Ömər Bolat ilə Komissar Belobenin iştirakı ilə “Türkiyə–Afrika İş və İqtisadi Forumunun Birgə Bəyannaməsi” təqdim olunub.

Bəyannamədə forumun məqsədinin Türkiyə ilə Afrika arasında strateji iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq vasitəsilə davamlı inkişafın təşviq edilməsi olduğu qeyd olunub.

Tәdbir zamanı Türkiyə–Afrika arasında dayanıqlı, əhatəli və transformativ iqtisadi tərəfdaşlıqların qurulmasının vacibliyi xüsusi olaraq vurğulanıb.

Bəyannamədə Türkiyə–Afrika iqtisadi münasibətlərinin artan strateji əhəmiyyəti qeyd edilib və aşağıdakı sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb:

  • Dəyər zəncirinin inkişafı

  • Ticarətin diversifikasiyası

  • Texnologiya transferi

  • Birgə infrastruktur investisiyaları

Forumun yekununda bildirilib ki, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə biznes dairələri və hökumətlər arasında qarşılıqlı hörmətə, konstruktiv dialoqa və “qazan-qazan” prinsipinə əsaslanan əməkdaşlığın davam edəcəyinə ümid var.

Tədbirdə diqqət mərkəzində olan əsas sahələr bunlardır:

  • Ərzaq təhlükəsizliyi və davamlı qida istehsalı

  • Türkiyə–Afrika beynəlxalq mülki aviasiya əməkdaşlığı

  • Əczaçılıq və tibbi ləvazimatlar sənayesi

  • Türkiyə–Afrika logistika mərkəzləri

  • Qadın liderliyi və sahibkarlığın təşviqi

  • Rəqabətli və əməkdaşlıq əsaslı tekstil sektoru

  • Afrika sənayesi və sənaye strukturlarının inkişafı

  • Ticarət, texnologiya və rəqəmsal istehsalın dəstəklənməsi

  • Maliyyə ehtiyaclarının qarşılanması

    Beşinci dəfə keçirilən forumun nəticələrinin həyata keçirilməsi istiqamətində razılıq əldə olunub. Növbəti – altıncı Türkiyə–Afrika İş və İqtisadi Forumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.