ABŞ Prezidenti Donald Tramp Vaşinqtona gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və Kubanın gələcəyi ilə bağlı kəskin bəyanatlar verib. İrana qarşı hərbi əməliyyatdan sonra növbənin Kubaya çatacağını qeyd edən Donald Tramp bu Karib ölkəsinin tezliklə "iflasa uğrayacağını" bildirib. Kubanı "qarmaqarışıq" və "uğursuz bir ölkə" adlandıran prezident ABŞ-ın proseslərə müdaxilə edəcəyini vurğulayaraq deyib: "Onlar çox tezliklə uğursuz olacaqlar və biz onlara, xüsusilə kubalı amerikalılara kömək etmək üçün orada olacağıq".
"New York Times" qəzetinin Rusiya neft tankerinin Kubaya çatmasına icazə verilə biləcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirən Donald Trump deyib ki, bu məsələdə heç bir problem görmür. Donald Tramp bildirib ki, insanların normal yaşaması üçün vacib olan enerji resurslarının çatdırılmasına qarşı deyil. “Hansı ölkə olursa olsun – istər Rusiya, istər başqa bir dövlət – əgər Kubaya bir qədər neft göndərmək istəyirsə, buna etiraz etmirəm. İnsanların isinmək, sərinləmək və digər əsas ehtiyaclarını ödəmək üçün enerjiyə ehtiyacı var’’,-deyə ABŞ Prezidenti vurğulayıb.
Prezident bu vəziyyətin Rusiya lideri Vladimir Putinə hər hansı bir siyasi və ya iqtisadi üstünlük qazandırıb-qazandırmayacağı ilə bağlı sualı belə cavablandırıb: ‘‘Bu addım Putinə heç bir fayda verməyəcək: Putin sadəcə çoxlu neft itirir, vəssalam. Bu məni narahat etmir və prosesə ciddi təsiri olmayacaq. Kubanın artıq sonu çatıb. Onların çox pis rejimi var. Bu səbəbdən çoxlu neft alıb-almamalarının rejim üçün heç bir fərqi olmayacaq".








