Birləşmiş Millətlər Təşkilatı (BMT) humanitar yardım işçilərinə qarşı zorakılığın 2025-ci ildə rekord həddə çatdığını bəyan edib. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (UNOCHA) 19 Avqust – Dünya Humanitar Günü münasibətilə yayımladığı hesabatda Qəzzanın humanitar yardım işçiləri üçün ən təhlükəli bölgə olduğu vurğulanıb.
Hesabata əsasən, 2025-ci ildə 907 humanitar yardım əməkdaşı hücuma məruz qalıb, onlardan 350-si həlak olub, 322-si yaralanıb, 235 nəfəri isə qaçırılıb. Qəzzada 186, Sudanda isə 71 yardım işçisi həyatını itirib. 2026-cı ilin ilk ayları ərzində isə dünya üzrə artıq 82 yardım işçisi öldürülüb, 97 nəfər yaralanıb, 39 nəfər isə qaçırılıb.
Hesabatda xüsusilə PUA hücumlarının artması əsas narahatlıq mənbəyi kimi göstərilib. Bildirilib ki, bu PUA-lar Konqo Demokratik Respublikası, Ukrayna və Sudanda mülki şəxslər ilə yanaşı, yardım karvanlarını və tibb müəssisələrini də hədəf alır.
BMT Baş katibinin müavini Tom Fletçer son üç ildə 1000-dən çox yardım işçisinin qətlə yetirilməsini qəbuledilməz adlandırıb. O, beynəlxalq ictimaiyyəti humanitar hüquq normalarına əməl etməyə, mülki şəxslərin və yardım heyətinin təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atmağa çağırıb.






















