SİYASƏT
3 dəqiqə oxuma
Ukrayna, Rusiya və ABŞ nümayəndələri sülh danışıqları üçün Əbu-Dabidə bir araya gələcək
Ukrayna, Rusiya və ABŞ nümayəndələri dördüncü ilinə daxil olan müharibənin dayandırılması yollarını müzakirə etmək üçün Əbu-Dabidə bir araya gələcək
Ukrayna, Rusiya və ABŞ nümayəndələri sülh danışıqları üçün Əbu-Dabidə bir araya gələcək
Ukrayna, Rusiya və ABŞ nümayəndələri sülh danışıqları üçün Əbu-Dabidə bir araya gələcək / AP
11 saat əvvəl

Ukrayna, Rusiya və ABŞ nümayəndələri dördüncü ilinə daxil olan müharibənin dayandırılması yollarını müzakirə etmək üçün Əbu-Dabidə bir araya gələcək.

2022-ci ilin fevralından bəri davam edən və İkinci Dünya Müharibəsindən sonra Avropanın ən qanlı münaqişəsi hesab edilən Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması məqsədilə növbəti diplomatik təşəbbüs həyata keçirilir. Çərşənbə axşamından cümə axşamına qədər davam etməsi planlaşdırılan görüşlər ötən həftəsonu Kreml tərəfindən tərəflər arasında gündəliklə bağlı uyğunsuzluqlar səbəbilə qısa müddətlik təxirə salınmışdı.

Danışıqlar ərəfəsində Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf alan intensiv PUA və raket hücumları elektrik və istilik sistemlərinin sıradan çıxmasına səbəb olub. Bu hücumlar BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək danışıqlarda mümkün irəliləyişləri də sual altına alır.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib:“Rusiyanın həyata keçirdiyi hər bir hücum rəsmi Moskvanın mövqeyinin dəyişmədiyini göstərir. Onlar müharibəyə və Ukraynanın məhv edilməsinə investisiya qoymağa davam edir, diplomatiyanı isə ciddi qəbul etmirlər. Danışıqlar qrupumuzun işi də buna uyğun şəkildə tənzimlənəcək’’.

Rəsmi Moskva hər hansı razılaşma üçün ilkin şərt kimi Kiyevdən qoşunlarını Donbasın geniş ərazilərindən, o cümlədən təbii sərvətlərlə zəngin və möhkəmləndirilmiş şəhərlərdən çıxarmasını tələb edir. Hücumlar zamanı ələ keçirilmiş ərazilərin Rusiyaya məxsus olduğunun beynəlxalq səviyyədə tanınmasını istəyir.

Kiyev isə birtərəfli geri çəkilməni qəti şəkildə rədd edərək münaqişənin mövcud cəbhə xətti boyunca dondurulmasını təklif etdiyini açıqlayıb.

Çərşənbə axşamından cümə axşamına qədər keçirilməsi planlaşdırılan danışıqlar ötən həftəsonu Kreml tərəfindən üç tərəf arasında gündəliklə bağlı uyğunsuzluqlar səbəbindən təxirə salınıb.

Ukrayna nümayəndə heyətinə Təhlükəsizlik Şurasının rəhbəri Rüstəm Umerov rəhbərlik edəcək. O, həmkarları tərəfindən yüksək danışıqlar bacarığına malik, uğurlu və təcrübəli diplomat kimi dəyərləndirilir.

Danışıqlarda Rusiyanı hərbi kəşfiyyatın rəhbəri İqor Kostyukov təmsil edəcək. Ötən ay Əbu-Dabidə keçirilən danışıqlarda ABŞ-ni Stiv Vitkoff təmsil etmişdi.

Ukraynanın ərazisinin təxminən 20 faizini işğal edən Rusiya danışıqlar nəticə verməyəcəyi təqdirdə Donetsk vilayətinin qalan hissəsini də ələ keçirə biləcəyini bildirib.

Ukrayna isə Rusiyanın gələcəkdə yeni işğallarının qarşısını almayacaq heç bir razılaşmaya imza atmayacağını vurğulayıb.

AFP-nin təhlilinə görə, Rusiyanın hazırkı irəliləyiş tempi ilə ölkə ordusunun bütün bölgəni tam nəzarətə götürməsi təxminən 18 ay çəkə bilər. Lakin Ukraynanın nəzarətində olan ərazilərdə güclü şəkildə möhkəmləndirilmiş şəhər mərkəzləri yerləşir.

Rusiya Luqansk, Xerson və Zaporojye bölgələrini də öz ərazisi hesab edir və ölkənin şərqində ən azı üç Ukrayna vilayətinin bir hissəsinə nəzarət edir.

Rəy sorğuları göstərir ki, Ukrayna əhalisinin əksəriyyəti Moskvaya ərazi güzəşti müqabilində sülhün əldə olunmasını nəzərdə tutan hər hansı bir razılaşmaya qəti şəkildə qarşıdır.

Rusiya isə cəbhədə irəliləyişini davam etdirir və Ukrayna ordusunu sıxışdırmağa çalışır.

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarını silah tədarükünü artırmağa və Kremlə qarşı iqtisadi və siyasi təzyiqləri gücləndirməyə çağırır.

Bu il Rusiyanın genişmiqyaslı hücumları Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurub, nəticədə Kiyevdə yüz minlərlə sakin istilik və elektrik enerjisindən məhrum qalıb.

Ötən ay Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqların ilk mərhələsindən sonra ukraynalılar Moskva ilə hər hansı razılaşmanın əldə olunacağına şübhə ilə yanaşdıqlarını bildiriblər.

Kiyev sakini Petro AFP-yə müsahibəsində deyib: “Düşünürəm ki, bunların hamısı ictimaiyyət üçün göstərilən bir şoudur. Ən pis ssenariyə hazır olmalı, eyni zamanda ən yaxşısına ümid etməliyik.”