Suriyanın Hələb vilayətinin cənub-qərbində yerləşən Əl-İys qəsəbəsinin qərbindəki Əl-Hadaba ərazisində, Suriya ordusuna məxsus hərbi sahədə güclü partlayışlar baş verib.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, ilkin məlumata əsasən, partlayışlar nəticəsində 4 nəfər xəsarət alıb.
Xəbərdə aidiyyəti qurumların partlayışların mənbəyini və səbəbini müəyyənləşdirmək üçün təhqiqata başladığı bildirilib.
Hələb Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Əməliyyatatları direktoru Faysal Məhəmməd Əli partlayışların davam etməsi səbəbindən ilkin mərhələdə axtarış-xilasetmə və tibb heyətinin əraziyə daxil olmaqda çətinlik çəkdiyini açıqlayıb.
Bölgəyə daxil olmağı bacaran Mülki Müdafiə qüvvələrinin ilkin məlumatlara görə 4 yaralını təxliyə etdiyi qeyd olunub.
Mülki əhalinin təhlükəsizliyini təmin etmək və təxliyə işlərini asanlaşdırmaq məqsədilə yaxınlıqdakı evlərin boşaldıldığı, əraziyə aparan yolların isə nəqliyyatın hərəkəti üçün bağlandığı bildirilib.




















