ABŞ-ın dövlət katibi Marko Rubio Fələstin müqavimət hərəkatı HƏMAS-ın tərksilah edilməsi ilə bağlı ümidverici əlamətlərin olduğunu açıqlayıb. "Fox News" telekanalına müsahibə verən Marko Rubio Misir və Türkiyənin bu prosesdə fəal iştirak etdiyini bildirərək, tərksilahla bağlı razılığın əldə olunacağına dair müsbət əlamətlərin olduğunu vurğulayıb. M.Rubio qeyd edib ki, nəzərdə tutulan layihənin reallaşması üçün HƏMAS-ın silahları təhvil verməsi şərtdir.
Vaşinqtonun İsrailin Qəzzada hərbi əməliyyatları yenidən başlatmasına razılıq verib-verməyəcəyi ilə bağlı suala cavab verən M.Rubio gələcəkdə atılacaq addımlar barədə proqnoz verməkdən yayınıb. Bununla belə, o, əsas hədəfin müharibənin bərpası deyil, HƏMAS-ın tərksilah edilməsi və Qəzzada təhlükəsizliyin beynəlxalq qüvvələrin dəstəyi ilə Fələstin təhlükəsizlik ünsürlərinə təhvil verilməsi olduğunu bildirib.
HƏMAS-ın sözçüsü Hazem Qassem isə tərksilah məsələsinin gündəmə gətirilməsini tənqid edərək, bunun atəşkəs razılaşmasının birinci mərhələsinin şərtlərinə zidd olduğunu deyib. O bildirib ki, bu cür tələblər danışıqların ikinci mərhələsini mürəkkəbləşdirir. Qassem həmçinin xatırladıb ki, HƏMAS əsirləri azad etməklə öz öhdəliklərini yerinə yetirsə də, İsrail tərəfi humanitar yardımların çatdırılmasına mane olur və hücumlarını dayandırmır.
Xatırladaq ki, Trampın Qəzza planına əsasən, birinci mərhələdə atəşkəs və İsrailin qismən geri çəkilməsi, ikinci mərhələdə isə ordunun tam çıxarılması və qrupların tərksilah edilməsi nəzərdə tutulur. Hazırda İsrail ordusu Qəzza ərazisinin 50%-dən çoxunu işğal altında saxlamağa davam edir. İsrailin maliyyə naziri Bezalel Smotriç regionun tamamilə yenidən işğal edilməsi və orada yaşayış məntəqələrinin inşa edilməsi barədə çağırışlarını yenidən səsləndirib.















