SİYASƏT
2 dəqiqə oxuma
Əsəd Həsən Şeybani ABŞ senatorları ilə görüşəcək
"Axios" nəşrinin məlumatına görə, bu barədə amerikalı senator Lindsi Qraham açıqlama verib
Əsəd Həsən Şeybani ABŞ senatorları ilə görüşəcək
18 sentyabr 2025

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani bu həftə Vaşinqtonda ABŞ senatorları ilə görüşərək ölkəsinə qarşı tətbiq edilən sanksiyaların ləğvini müzakirə edəcək.

"Axios" nəşrinin məlumatına görə, bu barədə amerikalı senator Lindsi Qraham açıqlama verib.

Səfər Suriya prezidenti Əhməd Şəraanın ABŞ-ın müttəfiqi İsraillə təhlükəsizlik sazişi üzrə danışıqların yaxın günlərdə nəticə verə biləcəyi ilə bağlı bəyanatından sonra baş tutur.

Senator L.Qraham bildirib ki, sentyabrın 18-də Şeybani ilə keçiriləcək görüşdə bəzi sanksiyaların, o cümlədən "Sezar" qanununun daimi ləğvi məsələsi müzakirə olunacaq.

"Axios"un məlumatına əsasən, Şeybaninin bu həftə sonu ABŞ dövlət katibi Marko Rubio ilə də görüşü planlaşdırılır.

Lindsi Qraham bildirib ki, əgər Suriya İsraillə rəsmi təhlükəsizlik sazişi imzalayacaq və DEAŞ-a qarşı beynəlxalq koalisiyaya qoşulacaqsa, o zaman sanksiyaların ləğvini dəstəkləyəcək.

Hazırda Suriya və İsrail arasında danışıqlar davam edir. Dəməşq bu prosesin nəticəsində İsrailin hava hücumlarını dayandıracağına və Suriyanın cənub bölgəsindən İsrail qüvvələrinin çıxarılacağına ümid edir.

"Reuters"in yaydığı məlumata görə, Vaşinqton gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasından əvvəl Suriyanı razılığa gəlməyə təşviq etməyə çalışır.

Prezident Əhməd Şəraa isə ABŞ-ın Suriyaya hər hansı təzyiq göstərdiyini rədd edib və Vaşinqtonun sadəcə 'vasitəçi' rolunu oynadığını bildirib.

O, həmçinin qeyd edib ki, İsrail 8 dekabrdan bəri Suriyaya1000-dən çox hava hücumu təşkil edib.

ABŞ prezidenti Donald Tramp bu ilin əvvəlində Suriyaya qarşı tətbiq edilən bir sıra mühüm sanksiyaların ləğv olunduğunu açıqlamışdı.